RU
“AzerGold” büdcədən asılılığı azaldacaq: “55,5 milyon manat vergi və rüsum ödənilib” - FOTO
19:50
500

“AzerGold” büdcədən asılılığı azaldacaq: “55,5 milyon manat vergi və rüsum ödənilib” - FOTO

"Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, ötən il ümumi daxili məhsul istehsalında dağ-mədən sektorunun payı artıb”.

Bu sözləri "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuata açıqlamasında deyib.

O bildirib ki, "AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib və bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayırılıb.

 

Z.İbrahimovun sözlərinə görə, beş il ərzində dövlət büdcəsinə 55,5 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib:

"Bütün bu uğurlara Daşkəsən rayonunda yerləşən təkcə "Çovdar” mədənində həyata keçirilən hasilat fəaliyyəti nəticəsində nail olunub. Hazırda Cəmiyyət "Ağyoxuş” və "Mərəh” də daxil olmaqla "Çovdar” əlvan metal filizi yataqları qrupu, "Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları ("Göydağ” sahəsi) və "Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir”.

Şirkətin İdarə Heyətinin sədri vurğulayıb ki, 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir. Belə ki, icrası həyata keçirilən strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir.

Qeyd edilib ki, gələcəkdə "Daşkəsən Dəmir Filizi” sahəsində yataqlar kompleksinin işlənməsinə dair ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində fəal iş aparılır:

"Sahədə geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, mədən planlarının hazırlanması, yataqlar üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində beynəlxalq nüfuzlu şirkətin iştirakı ilə işlər aparılır. Dəmir filizi yataqlarının istismarı ölkəmizdə metallurgiya sahəsinin inkişafına töhfə verməklə ölkənin qara metallurgiya məmulatlarının idxalından asılılığının azaldılmasına xidmət edəcək”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ