RU
12:39
42959

"Azəryolservis"in KARlığı

"Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  şəxsi Facebook səhifəsində bir zamanlar efirdə olduğu kimi, əl-qol ata-ata, Azərbaycan internet mediasının ünvanına əsəbi bir status ünvanlayıb, öz aləmində mediadakı həmkarlarımıza peşə borcundan, peşəkarlıqdan dərs keçməyə çalışıb.

Ümumiyyətlə, Azərbaycanda qəribə bir ənənə yaranıb. Həftənin səkkiz günü korrupsiya ilə qol-boyun qurumlar, idarələr, müdir və müdirələr, katib və katibələr burunları ovulan kimi mediaya peşəkarlıq dərsi keçmək eşqinə düşürlər. Deyəsən "Azəryolservis"in yeyən ağızlarının danışan ağzı olan Anar Nəcəfli də eyni yola düşməyə həvəslidir. 

Hansı ki, "Azəryolservis" məhz o qurumdur ki, onlara peşəkarlığın olsa-olsa KAR hissəsi çatıb. Ölkənin büdcəsini yol çəkmək adına illərdir talayan, eyni yolu ildə 3-4 dəfə söküb təzədən tikən, yolun hər km-i üçün fantastik rəqəmlər uyduran bir qurum peşəkarlıqdan danışanda adam istəyir gedib özünü katokun altına ata.

Halbuki media, həmçinin Qaynar.info saytı yazmışdı ki, "Azəryolservis" kütləvi ixtisarlara və tabeliyində olan qurumların sayını hardasa yarıbarayarı azaltmağa hazırlaşır. Onu da qeyd etmişdik ki, sonradan işçilər arasında narazılıq baş qaldıranda hüquqi problemlər yaranmasın deyə, bütün işçilərin işdən "öz xahişləri ilə azad olunmaları" barədə ərizələr alınıb.

"Azərpul...", üzr istəyirik, "Azəryolservis"in yeriyən diktoru da açıqlamasında bu məlumatları təsdiqləyir:

“Yeni strukturun formallaşdırılması, idarə və şöbələrin adlarının, ştat vahidlərinin dəyişdirilməsi üzərində işlər aparıldığına görə, cəmiyyətin bütün əməkdaşlarından əmək müqavilələrinə xitam verilməsi barədə ərizələr toplanılıb.
Cəmiyyətin yeni strukturu təsdiq olunandan, ştat vahidləri müəyyən olunduqdan sonra yol təsərrüfatı üzrə təcrübəli mütəxəssislərdən ibarət komissiya yaradılacaq. Həmin komissiya aidiyyəti idarə və şöbələrə sırf avtomobil yolları təsərrüfatı sahəsində kifayət qədər bilik və bacarığa malik əməkdaşları seçəcək və onlarla yeni əmək müqaviləsi imzalanacaq".

Və... 

Və... bəs onda niyə əsəbləşirsüüüz?/qaynar.info-dan Tüleyman

Qeyd: Anar Nəcəfli Xəzər Televiziyasından ayrılanda bir müddət işsiz qaldı, ictimai tədbirlərə qatıldı, media isə hər zaman onun arxasında durdu və təbliğ etdi. Məqsəd bəlli idi: ANARA YAXŞI İŞ VERİLSİN. Çox gözəl xatirimdədi. Anar Nəcəfli "Azəryolservis"-ə işə düzələndə facebook sosial şəbəkəsində öz fikirlərini paylaşdı. Statusda tam olaraq yeni işi və vəzifəsi barədə məlumat qeyd olunmuşdu. Tez bir zamanda onlarla bəyənmə və şərh alan statusa demək olar ki hər kəs "TƏBRİK EDİRƏM" yazırdı. Çox hörmət bəslədiyim ETİBAR BABAYEV isə "TƏƏSSÜF EDİRƏM" yazdı. Çoxları dəyərli ziyalımızın bu sözlərini dərk etmədən üstündən keçdi. Amma o bugünü görürdü, sadəcə biz özümüzü KARlığa qoyduq...

 

7News.az-dan Qulam

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ