RU
Bacısının evindən 32 min manat oğurlayan şəxs 8 il cəza aldı
17:26
823

Bacısının evindən 32 min manat oğurlayan şəxs 8 il cəza aldı

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə ş. sakini Məmməd Əliyevin (1987-ci il təv.) CM-nin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurub.

Cinayət işinin materiallarına görə, ötən il noyabrın 12-də Pirşağı qəsəbəsində yaşayan Məmməd Əliyev xalası oğlu İlham Əliyevin evinin qapısını özündə olan açarlarla açaraq, içəriyə daxil olub. Sonra hamam otağında tavanın altında gizlədilmiş, sellofan torbada 21000 manat pulu və 11000 manat məbləğində qızıl zinət əşyalarını götürüb.

Bundan sonra o, “Laçın” univermağında qızılları lom şəklində şəxsiyyət vəsiqəsini təqdim etməklə satıb. 2015-ci il mayın 14-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Məmməd Əliyev tutularaq, barəsində cinayət işi başlanıb. İbtidai istintaq zamanı zərərçəkmiş İlham Əliyev təqsirləndirilən şəxsin oğurladığı məbləğdən 9000 manat pulu təhvil alıb.

Məhkəmə prosesində Məmməd Əliyev ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2013-cü il mayın 14-də Leyla Əliyeva soyadlı qadınla evlənib. Leylanın ilk nikahından bir oğlu olub və o, birinci ərindən boşanıb. Leyla ilə ailə həyatı qurmağına ailə üzvləri razı olmayıb və sonra onunla ailə üzvləri arasında münasibətlər pisləşib. İlham həm xalası oğlu, həm də bacısı Aynurənin əri olub.

2014-cü ilin may ayında atası vəfat edib. Bir müddət sonra anasından atasından miras qalmış qızılları istədikdə, bacısı ona bir ədəd qolbağı, boyunbağı, üzüyü və bir cüt sırğanı verərək, qalan qızılları Leyladan ayrılacağı halda verəcəyini bildirib. Məmməd qızı xəstə olduğuna görə həmin qızılları sentyabrda “Laçın” ticarət mərkəzində 1200 manata satıb.

Onun sözlərinə görə, o noyabrın 12-də bacısı oğlunun ad gününə gedib, oradan isə İlham, Aynurə və anası ilə birlikdə evə qayıdıb. Həmin gün axşam isə İlhamın evindən oğurluq edildiyini eşidib. Ailə üzvləri Leyladan ayrılmayacağı təqdirdə, İlhamın onu oğurluqda ittiham edərək pul verib həbs etdirəcəyinə dair sözlərlə hədələyiblər. Axşam onu polisə çağırıblar, sonra isə sərbəst buraxıblar. Bu ilin mayın 14-də polis əməkdaşları onu Tovuz rayonunda saxlayıblar.

O bildirib ki, İlhamın evindən qızıl və pul oğurlamayıb.

İbtidai istintaq zamanı 15-ci polis bölməsində işgəncələrə məruz qaldığından onlara lazımi şəkildə ifadə verib, sonra da hadisə yerini göstərib pulları götürdüyünü deyib.

Məhkəmə M.Əliyevin pul və qızılları oğurlamadığını deməsi, ona işgəncə verən polis əməkdaşlarını tanımaması kimi ifadələrini işin materiallarına uyğun olmayan, özünümüdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirib və buna görə də, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini inandırıcı hesab etməyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ