Bakıda bir neçə gündür aramsız yağışın yağması hər dəfə olduğu kimi yenə də eyni problemləri üzə çıxardı.
Bu dəfə də intensiv yağışlar nəticəsində yollarda gölməçələr yarandı, evləri, həyətləri su basdı.
Nəticədə isə avtomobillərin, eləcə də piyadalrın hərəkətində ciddi problemlər özünü göstərdi.
Yağışın yaratdığı problemlər sosial şəbəkələrdə də geniş müzakirə olundu, istifadəçilər tərəfindən fəsadları əks etdirən fotolar yayımlandı.
Bəs həmin günlərdə aidiyyatlı qurumlar hər dəfə təkrarlanan eyni problemlərin aradan qaldırılması üçün nə etdilər?
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, paytaxta yağış sularının daşınmasının böyük əksəriyyəti kanalizasiya sistemlərinin üzərinə düşür. Ancaq mövcud kanalizasiya sistemi 70-80-ci illərdə qurulduğuna görə, bu günün tələblərinə uyğun gəlmir, nəticədə intensiv yağıntılar zamanı bəzi ərazilərdə gölməçələr əmələ gəlir və belə hallar əsasən şəhərin nisbətən kənar ərazilərində rast gəlinir.
Onun sözlərinə görə, son 10-15 ildə Bakı şəhərinin və ətraf ərazilərin sürətli inkişafı – yeni bina və evlərin tikilməsi, asfalt yolların çəkilməsi ilə nəticələnib ki, bu da torpaq yerlərin azalmasına gətirib çıxarıb. Nəticədə yagıntılar zamanı kanalizasiya xətlərinə daha çox su axır və intensiv yağıntılar zamanı bəzi küçələrdə su yığılır:
“Amma yağış dayanandan çox qısa müddətdə bu sular da çəkilir. Başqa sözlə, kanalizasiya xətlərinin həmin suları eyni vaxtda daşımağa gücü çatmır”.
Qurum rəsmisi əlavə edib ki, bu problemin həlli “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Master Plan”da öz əksini tapıb:
“Planada Abşeron yarımadasına 3400 km yağış kanalizasiya şəbəkəsinin və 900 km-dən artıq yağış kollektorlarının qurulması nəzərdə tutulur. “Master Plan”da Abşeron yarmadasındakı göllərdən təbii hövzə kimi istifadə olunması da əks olunub. Yəni yağış suları kanalizasiya suları ilə qarışmadan birbaşa həmi göllərə axıdıla bilər”.
A.Cəbrayıllı əlavə edib ki, qabaqlayıcı tədbirlər kimi qurum tərəfindən yağış-kanalizasiya quyuları daim təmizlənir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinın açıqlamasında noyabrın 7-dən 10-dək Bakıda və Abşeron yarımadasında aylıq normanın 86 faizi qədər yağıntı düşdüyü bildirilib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib./gun
7news.az
















