Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları reyd keçiriblər.
Daxil olan məlumata görə, reyd zamanı Neftçilər-Pirşağı xətti üzrə hərəkət edən
185 saylı marşrut avtobuslarından səkkizinin qanunsuz xəttə çıxdığı aşkarlanıb
və saxlanılaraq cərimə meydançalarına aparılıb.
Reysə qanunsuz buraxılan avtobuslardan 7-si Nizami rayonu ərazisində yerləşən
cərimə meydançasına, biri isə Ramana ərazisində yerləşən cərimə meydançasına
aparılıb.
Sürücülərdən 3-ü reyddən xəbər tutduqda isə avtobuslarını Pirşağıdakı
dayanacaqda qoyub qaçıblar.
Keçirilən reyd zamanı o da məlum olub ki, avtobuslar marşrut üzrə hərəkət
istiqamətini də pozub. Belə ki, Neftçilər-Pirşağı üzrə hərəkət etməli olan
avtobuslar Neftçilər-Pirşağı-Kürdəxanı xətti üzrə hərəkət edirmişlər.
DYP-nin 3 ekipajla keçirdiyi reyddə həmçinin məlum olub ki, marşrut xəttindəki
avtobusları idarə edən sürücülərin bir çoxunun müvafiq kateqoriyaları yoxdur.
Qeyd edək ki, 185 saylı marşrut xətti Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən
İsmayılov Qurbanəli adlı sahibkara verilib.
Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. O, DYP-nin reyd keçirdiyini və 185 saylı marşrut xəttində müəyyən qanunsuzluqlar aşkarlandığını təsdiqlədi./qaynarinfo.az
7News.az








