Bakı Apellyasiya məhkəməsində Zərdab rayon sakini Səhliyar Əhmədovun (1967-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
7news.az xəbər verir ki, ötən il iyunun 28-nə keçən gecə Binəqədi rayonu ərazisində yerləşən R.Aboyev adına istirahət parkında Səhliyar Əhmədov aralarında yaranan münaqişə zamanı tanışı Namiq Ağayevi (1961-ci il təv.) bıçaqlayaraq qətlə yetirib. Elə həmin gecə şübhəli
şəxs Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Səhliyar və Namiq işləmək məqsədi ilə Zərdab rayonundan Bakıya gəliblər, fərdi qaydada kafel ustaları olaraq təmir işi ilə məşgul olublar. Ayın 27-də axşam M.Rəsulzadə qəsəbəsində görüşən dostlar yaxınlığdakı kafedə yeyib-içiblər, yanlarında Rasim adlı tanışları da olub. Oradan çıxandan sonra Əhmədov Ağayevə ona borclu olduğu 5000 manat pulu yaxın vaxtlarda qaytarmasını tələb edib, cabab olaraq sonuncu ona borcu olmadığını və heç vaxt Səhliyardan pul almadığını iddia edib. Bu zəmində aralarında mübahisə yaranıb, Namiq borc verənin və alanın ünvanına dəfələrlə söyüşlər işlətdiyinə görə, Əhmədov cibindan məişət-təsərrüfat təyinatlı bıçağı çıxarıb və yoldaşının qarın nahiyyəsinə zərbə endirib, sonra isə hadisə yerindən qaçıb. İstintaq zamanı Səhliyarın 5000 manat verməsi təsdiqini tapmayıb, yalnız məlum olub ki o kirayəşin yaşadıqları müddətdə bir dəfə Namiqin əvəzinə aylıq 120 manat həcmində kirayə pulunu verib.
Məhkəmə prosesində Səhliyar Əhədov ittiham üzrə özünü qismən təqsirli hesab edib. Onun sözlərinə görə, həmi gün kafədə oturduqdan sonra onlar çölə çıxıblar. "Parkın içinə girərkən, dostumuz Rasim qabağda gedirdi, mənimlə Namiq isə arxada. Pulumu istədim, necə oldusa
dedi ki, verməyəcəm, dedim necə verməyəcəksən, əlimin qabarı ilə pul qazanıb, vermişəm sənə. Əsəbindən məişət təyinatlı bıçağla onu iki dəfə vurmuşam". Verdiyi borc pula gəldikdə, Əhədov qızının bir müddət əvvəl Kürdəxanı qəsəbəsində oğurluq etdiyinə görə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu bildirib. Hadisədən sonra Namiq qızını həbsdən qurtara biləcəyini deyib və buna görə ondan 5000 manat alıb, lakin sonra vədinə əməl etməyib.
Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə S.Əhmədov cəzasını ciddi rejimli cəza-çəkmə müəssəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi məqsədi ilə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya məhkəməsi işi araşdıraraq S.Əhədovun cəzasının 17 ildən 12 ilə endirməsi barədə qərar qəbul edib, bununla da təqsirləndirilən şəxsin şikayəti təmin olunub.













