Cinayət işi açılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu bu gün Bakının Nizami rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb.
7News.Az-ın xəbərinə görə, birgə məlumatda deyilir ki, aprelin 8-də saat 10:39-da Nizami rayonu ərazisində 103 saylı marşrut xəttinin sürücüsü, 1988-ci il təvəllüdlü Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada, 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub, sonra isə hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü, 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub.
Sonuncu idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Hadisə nəticəsində piyada S. Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü ( yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin D. Rzayev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
11:51
Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.
Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.
Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.
Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gültən, Ağamirzəyeva Əzizə və naməlum kişi xəsarət alıb.
Ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.
11:51
Bakıda avtobus qəzası baş verib.
7News.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.
103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Nizami Rayon Polis İdarəsindən bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.








