Rəhmanov onun ünvanına ağır söyüşlər işlətməyə başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon sakini Səməd Mənsimovun (1975-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7news.az xəbər verir ki, ötən il martın 22-də Bülbülə qəsəbəsində şəxsi münasibətlərin aydınlaşdırılması zəminində Səməd Mənsimov məişət təsərrüfat təyinatlı bıçaqla tanışı Polad Rəhmanovu vurub, nəticədə sonuncu 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən dünyasını dəyişib. Dərhal sonra daxil olan məlumat əsasında şübhəli şəxs Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun ölümünə daxilə nüfuz edən 2 ədəd deşilmiş yara səbəb olub, məhkəmə-kimya tədqiqatı zamanı onun qanında 2,2% etil spirti aşkar edilib.
İstintaqla müəyyən edilib ki, Səməd Mənsimov sözügedən qəsəbədə Nizaməddin Hacıyevlə kirayəşin yaşayıb, o, Bərdə rayonundan Bakıya pul qazanmaq məqsədi ilə gəlib və tikintidə işləyib. Polad Rəhmanov da qonşuluqda kirayəşin yaşayıb və fərdi qaydada ev təmiri ilə məşğul olub, münasibətləri normal olub.
Martın 20-də onların qaldığı evdə yeyib-içiblər, səhərisi gün bayramla əlaqədar heç biri işləməyib. Günorta saatlarında Poladın təklifi ilə o, NZS qəsəbəsinə yollanaraq, orada kafedə yeyib-içiblər. Oradan çıxandan sonra, onlar Bülbülə qəsəbəsinə gəliblər və növbəti kafedə əyləşərək pivə içiblər. Təxminən saat 23.00 radələrində Nizaməddin Səmədə zəng edərək, evə gəldiyini və açar onda olmadığı üçün, gəlib qapını açmasını xahiş edib. Buna görə, Mənsimov tanışını kafedə tək qoyub, evə qayıdıb.
Gecə saat 00.30-da artıq yatmağa hazırlaşarkən Polad onun mobil telefonuna zəng edib, onu kafedə tək qoyduğu üçün iradını bildirib. Öz növbəsində Səməd bunu qəsdən etmədiyini, Nizaməddinə açar lazım olduğu üçün oradan getdiyini deyib. Buna baxmayaraq, sərxoş vəziyyətdə olan Rəhmanov onun ünvanına ağır söyüşlər işlətməyə başlayıb və təkidlə küçəyə çağırıb.
Nizaməddin Səmədə buna fikir verməməsini, Poladın ayılandan sonra gəlib üzr istəyəcəyini desə də, sonuncu yenə də ona zəng edib çölə çağırıb. Əsəblərini cilovlaya bilməyən Mənsimov masanın üzərindəki bıçağa əl atıb, küçəyə çıxıb və Polada “nə istəyirsən?” deyib, Rəhmanov ona pis yoldaş olduğunu söyləməklə, yenə də söyüş söydükdə, Səməd kəsici alətlə onun qarın nahiyəsinə iki zərbə vurub.
Məhkəmə prosesində S.Mənsimov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, qeyd edib ki, onun Poladı öldürmək niyyəti olmayıb. O, evə qayıdaraq, yatmağa hazırlaşıb, əgər Rəhmanov təkidlə zəng edib, onu söyüb, küçəyə çağırmasaydı bu hadisə də baş verməzdi. Təqsirləndirilən şəxs bildirib ki, Polad ondan güclü olduğuna görə özü ilə ehtiyata mətbəx bıçağı götürüb.
Zərərçəkən İzzət Rəhmanov ifadəsində göstərib ki, ona ayın 23-də səhər Suraxanı RPİ-dən zəng edən əməkdaş oğlunun ölümü haqda məlumat verib. Buna görə, o rayondan Bakıya gəlib və istintaqı aparan müstəntiqdən öyrənib ki, Poladı Səməd Mənsimov öldürüb. O, əvvəllər həmin şəxsi tanımayıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
7news.az








