Aprelin 25-dən 27-dək Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi ilə bağlı paytaxtın bir sıra avtomobil yollarında avtomobillərin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək.
Bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov deyib ki, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanından şəhər istiqamətində - Aeroport şossesi, Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Azadlıq prospekti, Mehdi Hüseyn, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Niyazi küçələrində, Azneft dairəsində, Nərimanov rayonu ərazisindəki bəzi küçələr, həmçinin, həmin marşrutla geriyə olan ərazilərdə mərkəzə doğru avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması planlaşdırılır.
Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur./trend
7News.Az








