Ötən il Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülvi Cabbarov dindirilib.
O, Buzovna qəsəbəsində taksi sürücüsü işlədiyini deyib:
"Nofəl qəssab kimi fəaliyyət göstərib. Onu qəssab kimi tanımışam. Həmin gün maşınıma oturaraq evə sürməyimi xahiş etdi. Çox gərgin idi, ancaq mənə heçnə demədi. Onu sifariş verdiyi məkanda düşürərək geri qayıtdım".
Məhkəmədə elan olunub ki, 2022-ci il noyabrın 29-da axşam saatlarında Bakı şəhər sakini Nofəl Səfərov planlaşdırılmış şəkildə silahlanaraq keçmiş qayınatasının yaşadığı ünvana gəlib. O evin həyətində əvvəlcədən özü ilə gətirdiyi dəyənəklə keçmiş qayınatası, 1939-cu il təvəllüdlü Elbrus Muradovun baş və bədən nayihələrinə 57 zərbə endirib, baş, boğaz və ürək nayihəsinə 14 bıçaq zərbəsi vurmaqla xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra o evə daxil olarkən keçmiş qayınanası, 1945-ci il təvəllüdlü Şahirə Muradova ilə rastlaşıb. N.Səfərov onun da bədəninə həmin dəyənəklə zərbələr endirdikdən sonra 3 bıçaq zərbəsi ilə öldürüb.
Təqsirləndirilən şəxs bununla yanaşı, evdə yataqda olan şikəst və lal qaynı, 1971-ci il təvəllüdlü Rahil Muradovu da işgəncələrlə qətlə yetirib.
İstintaq materiallarına əsasən, evdən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlayan N.Səfərov evi tərk edərkən həyətdə E.Muradovun nəvəsi,1997-ci il təvəllüdlü Elbrus Ağalarovla rastlaşıb. O hadisədə izi itirmək məqsədi ilə E.Ağalarovun da qətlə yetirmək istəsə də, mümkün olmayıb. N.Səfərov E. Ağalarova xəsarət yetirərək hadisə yerindən qaçıb.
Qeyd edək ki,1976-cı il təvəllüdlü Nofəl Səfərova qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə ittiham irəli sürülüb.








