Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Binəqədi rayonunda yerləşən "Pak məkan hamamı”nın fəaliyyəti dayandırılıb.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, obyektdə keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bildirilib ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb və həmin qurğuların texniki sazlığının yoxlanımasi ilə bağlı test aparılmayıb;
- elektrik təchizatı və elektrik qurğuları "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektdə daxili yanğın su kranları quraşdırılmayıb;
- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;
- obyektdə təxliyə planı mövcud deyil;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Pak məkan hamamı” adlı obyektin fəaliyyəti dayandırılıb.













