Bakıda ağacların qanunsuz qırılması ilə bağlı müntəzəm olaraq xəbərlər gəlir. Bu dəfə isə reportyorumuz 6-cı mikrorayonda yerləşən Dendraparkda (keçmiş "Pitomnik") doğranaraq üst-üstə qalaqlanmış ağacların şahidi olub.
7News.az bildirir ki, qırılan ağaclar doğrandığından və oduncaq şəklində salındığından cəmi nə qədər ağacın kəsildiyini müəyyən etmək mümkün deyil. Qalaqlanmış ağacların bəziləri quru olsa da, əksəriyyətinin yaş və sağlam olduğu çəkilən videodan da aydın görünür. Hər halda hansısa məqsədlə növbəti dəfə kütləvi ağac "edamı" göz qarşısındadır.
Ətraf ərazidə yaşayan sakinlərin istirahət məkanı olan bu bağın baxımsız qalması ilə bağlı dəfələrlə yazmışdıq. Hətta baxımsız vəziyyətdə belə sərinlənmək və dincəlmək üçün bura hər gün yüzlərlə sakin baş çəkir. Dendraparkda qalaqlanmış çoxillik ağacların kim tərəfindən və hansı məqsədlə kəsildiyi məlum deyil. Ola bilsin kimlərsə ağacları qıraraq ərazini ələ keçirməyə çalışır.
Bu video kadrlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy almağa çalışacağıq./virtualaz





7News.az







