RU
Bakıda əcnəbi reklamların sökülməsinə ehtiyac varmı?
20:15
367

Bakıda əcnəbi reklamların sökülməsinə ehtiyac varmı?

“Reklam bazarından büdcəyə ödənişləri 7-8 dəfə artırmaq olar”.

Bakı şəhərində yerləşən əcnəbi dildə olan reklamlar sökülür. Bakı şəhər meri Hacıbala Abutalıbov isə sahibkarlara tövsiyə edib ki, reklamların mətni yalnız Azərbaycan dilində olmalıdır.

Bu, bütün dünyada müşahidə edilən iqtisadi böhran şəraitində sahibkarlar üçün əlavə xərc yaradacaqmı? Hazırkı situasiyada söküntü işlərinin başlanması nə qədər münasibdir?

Bu suallar ətrafında iqtisadçı-ekspert və millət vəkilinin mövqeyini öyrənib.

İqtisadçı-ekspert Samir Əliyev qeyd edir ki, bu təcrübə bütün ölkələrdə var. Bununla belə, bu əcnəbi dildə olan reklamları istisna etməməlidir:

“Reklam haqqında qanunun tələblərinə görə, reklamlar milli dildə, yəni Azərbaycan dilində verilməlidir. Bir sıra ölkələrdə bu təcrübə var, ancaq istənilən halda Azərbaycan dilində olan reklamlar əcnəbi dildə olan reklamları istisna etməlidir”.

S.Əliyev hesab edir ki, xarici dildə olan reklamların sökülməsi hazırkı iqtisadi böhran şəraitində sahibkarlar üçün əlavə xərcdir:

“Başa düşmək olar ki, burda hökumətin əsas qayəsi milli dilin qorunmasıdır. Ancaq istənilən halda, xarici dildə reklamların olmasını ziyanlı hesab etmirəm. Düşünürəm ki, hazırkı iqtisadi böhran şəraitində bu sahibkarlar üçün əlavə xərc yaradacaq. Onlar çalışacaqlar ki, əcnəbi dildə olan reklamı milli dildə olanla əvəzləsinlər”.

İqtisadçının sözlərinə görə, reklamların yerləşdirilməsi zamanı təkcə dil faktorunu deyil, dizayn məsələlərini də nəzərə alırlar:

“Bakı Şəhər İcra Hakimiyyəti şəhərin dizaynını pozan reklamların yerləşdirilməsinin də əleyhinədir. Məsələn, ofis binanın altında yerləşir. Amma ona icazə verilmir ki, ofisin üzərində hər hansı reklam yerləşdirilsin. Səbəb isə onu göstərirlər ki, bu şəhərin ümumi dizaynını pozur. Başa düşürəm, bunlar hardasa müəyyən qədər qorunmalıdır, amma çox təəssüf ki, sui-istifadə halları baş verir”.

İqtisadçı bildirib ki, qanunvericiliyə görə, reklamın yerləşdirilməsi məsələlərinə nəzarət təkcə, Bakı Şəhəri İcra Hakimiyyətinin səlahiyyətində deyil:

“Qanunvericiliyə görə, bələdiyyə mülkiyyətində olan reklamlara bələdiyyələr məsuldur. Bakı Şəhər İcra Hakimiyyəti ancaq, dövlət mülkiyyətində olan torpaqlarda yerləşən reklamlara nəzarət edə bilər. Bununla belə, bizdə Bakı Şəhər İcra Hakimiyyəti ucdantutma, hətta bələdiyyə ərazisində yerləşən reklamlara da nəzarəti həyata keçirdir. Düşünürəm ki, müəyyən standartlar qorunmaq şərti ilə çalışmaq lazımdır ki, sui-istifadə halları olmasın və sahibkarların hüquqları pozulmasın”.

Öz növbəsində, Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirir ki, qanun layihəsi qəbul edilsə də, onun həyata keçirilməsi yubanırdı:

“Dünən biz reklam haqqında qanun layihəsinin müzakirəsini həyata keçirdik. Qanun layihəsi may ayında qəbul edilib. İyun ayında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Keçən müddət ərzində faktiki olaraq heç bir iş görülməyib. Reklam haqqında qanunda bizim əsas problemlərimizdən biri dildir.

Reklamın Azərbaycan dilində yazılmaması, əcnəbi dillərdən çox istifadə edilməsi çox ciddi problemdir. Birincisi bu qanun artıq qəbul edilib, artıq onun icrasına başlanılıb. Nəzarət mexanizmi çox güclüdür. Azərbaycan Reklamçılar İttifaqı bu barədə işləyir. Biz çalışacağıq ki, Azərbaycanın reklam bazarını müstəqil Azərbaycan cəmiyyətinə uyğunlaşdıraq. Reklam dili normal dil olsun, Azərbaycan dili əsas dil olsun”.

V.Əhmədov bildirib ki, əcnəbi dillərdən istifadə yalnız, Azərbaycan dilindən sonra ola bilər:

“Biz qanunda da göstərmişik, əcnəbi dillərdən də istifadə oluna bilər, yalnız Azərbaycan dilindən sonra. Bundan əlavə məsələlər qanunda öz əksini tapıb”.

Deputat onu da əlavə edib ki, reklam bazarından dövlət büdcəsinə daxilolmaların həcmi 50 milyon manatdır. Onu 7-8 dəfə artırmaq olar:

“Yəni, bütün bu şərtlər Reklam haqqında qanuna uyğunlaşdırılmalıdır. İkincisi də, biz qanunu qəbul edərkən qeyd etmişdik ki, reklam bazarından dövlət büdcəsinə daxilolmaları Dövlət Statistika Komitəsinin məlumatına görə, 50 milyon manatdır, bu da bu əslində 7-8 dəfə çox olmalıdır. Ona görə də, bu məsələ də çox ciddidir. Yəni reklam bazarında ciddi problemlər var və çalışırıq bu problemləri həll edək”.

Qeyd edək ki, Reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ