Polislərin siqaret barədə iradı qapıçıya xoş gəlməyib.
Noyabrın 16-da “Sədərək” ticarət mərkəzində iki polis əməkdaşını bıçaqlayan şəxs tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirməsi onun xoşuna gəlməyib.
İsmət Bəkirov iraddan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib. Lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib. Zərərçəkmişlər aldıqları xəsarətlərlə DİN-in Hospitalına yerləşdiriliblər.
Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülmüş və digər zəruri istintaq tədbirləri həyata keçirilib.
İ.Bəkirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir./anspress
7news.az








