RU
Bakıda qəza törədib hadisə yerindən qaçan sürücülər tutuldu
17:50
516

Bakıda qəza törədib hadisə yerindən qaçan sürücülər tutuldu

Polis əməkdaşlarının gördüyü tədbirlərlə noyabrın 25-də və 26-da paytaxtın Yasamal və Suraxanı rayonları ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücülər müəyyən edilərək istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.

Araşdırmalarla saat 1:00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulması müəyyənləşib.

29-cu Polis Bölməsi və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə yol-nəqliyyat hadisəsinin "BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin  sürücüsü  -  Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanılıb.

Bundan başqa, noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.

Araşdırmalarla piyadanın saat 1:00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub. 

Suraxanı RPİ  və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin "Peugeot” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb.

Hər iki faktla araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ