Hikmət Hacıyev: Ermənistan rəsmilərinin regional əməkdaşlıq və münaqişənin həlli barədə fikirləri ikrah doğurur.
Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü siyasət tamamilə məntiqə zidd xarakter daşıyaraq, sivil və etik davranış qaydalarından kənardır. Hərbi diktatura və səhra komandiri təfəkkürünə əsaslanan bu cür əməllər bütün region üçün təhlükə mənbəyidir. Rəsmi Yerevanın hərbi diktatura rejiminin militarist siyasətinin daha bir nəticəsidir ki, Ermənistan bu gün özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir.
Bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın sözlərini şərh edərkən deyib.
“Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfinin atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etməsi və digər təxribatçı əməllər törətməsi rəsmi Yerevan rejiminin əsl mahiyyətinin növbəti sübutudur.
Bunların müqabilində Ermənistan rəsmilərinin atəşkəs rejimi, regional əməkdaşlıq və münaqişənin həlli barədə söylədikləri fikirlər yalnız gülüş və ikrah doğurur”, - deyə H.Hacıyev bildirib./xəzərxəbər
7News.Az








