RU
Bakının əhalisi nə qədərdir?
19:28
1009

Bakının əhalisi nə qədərdir?

Bakının salındığı tarix dəqiq məlum olmasada, Abşeron yarımadası ərazisində tapılan arxeoloji materiallar bu şəhərin qədim yaşayış məskəni olduğunu sübut edir.

Məsələn, Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Suraxanı, Əmircan və digər yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılıb. Bakının coğrafi mövqeyi, qədim zamanlardan burada müxtəlif xalqların məskunlaşmasına zəmin yaradıb.

Qədimliliyi və böyüklüyünə görə şərqin ən iri şəhərlərindən biri olan Bakı, tarixən liman şəhəri və karvan yollarının keçdiyi bir ərazi olaraq, müxtəlif xalqların məskəni olub. Məsələn hazırda Suraxanı və Balaxanı ərazisində yaşayan tatlar, vaxtı ilə bura fars mənşəli Sasani dövləti tərəfindən köçürülüb. Eyni zamanda atəşpərəstlərin mərkəzinə çevrilən Bakı, hindlilər daxil olmaqla, bu dinə sitayiş edən müxtəlif millətlərin nümayəndələrini özünə cəlb edib. VII əsrdən etibarən ərəblərin bu ərazilərə yürüş etməsi, Bakının etnik tərkibində müəyyən dəyişiklərə səbəb olub. Bu tarixi xronologiyanı davam etdirmək də olar. Lakin Bakı əhalisinin tərkibində ən böyük dəyişiklərdən biri, 1859-cu ildə Şamaxı zəlzələsi zamanı baş verib. Zəlzələ nəticəsində şəhər tamamilə dağıldığından Şamaxı quberniyasının mərkəzinin Bakıya köçürülməsi, eyni zamanda çox sayda rus millətinin liman şəhərinə köçməsini təmin edir. Ruslarla yanaşı XIX əsrin ikinci yarısında Bakıda almanlar, polyaklar, yunanlar və digər qərbi Avropa xalqları məskən salıb. Bakının əhalisinin dah böyük artımı isə məhz XIX əsrin ikinci yarısına, neft bumundan sonrakı dövrə təsadüf edir.

Müstəqillik illərindən sonra Bakıda iqtisadi və siyasi amillərin təsiri nəticəsində aqlomerasiya prosesi böyük vüsət alıb. Bu illər ərzində Azərbaycanın bölgələrindən Bakı və ətraf kəndlərdə məskunlaşan insanların sayı artmağa başladı. Məsələn, Bakı kəndlərində daha çox şimal-şərq və cənub bölgəsindən gələn soydaşlarımız məskunlaşdı.

Heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşən qaçqın və məcburi köçkünlər də Bakının kontingentinə təsir etmiş oldu. Xülasə, şəhər əhalisi arasında apardığımız sorğunun nəticəsində məlum oldu ki, Bakı əhalisinin əksəriyyətini bölgələrdən gələnlər təşkil edir. Belə ki, 20 nəfər arasında keçirilən sorğunun nəticəsində cəmi 3 nəfərin Bakılı olduğu məlum oldu. Qalan 17 nəfər ölkəmizin müxtəlif bölgələrindən gələnlərdi.

Qeyd edək ki, 2015-ci ilin əvvəlinə olan rəsmi statistikaya görə, Bakının əhalisi 2 milyon 204 min 200 nəfər təşkil edib. Müqayisə üçün bildirək ki, 1885-ci il də Bakı əhalinin sayı cəmi 60 min 421 nəfər olub. Sonuncu dəfə 2009-cu ildə aparılan əhali siyahıyaalınmasına görə, paytaxt əhalisinin sayı rəsmi olaraq 1 milyon, 848 min 107 nəfər təşkil edib. Onların 108 min 525 nəfəri rus, 25 min 171-i tatar, 24 min 868 nəfəri ləzgi, 21 min 71 nəfəri ukraynalı, 6 min 56 nəfəri yəhudi, 2 min 226-sı gürcü, 2 min 81 nəfəri türk, 1048 nəfəri talış, 317-si tat, 296-sı avar, 185-i kürd, 104-ü erməni, 1-i qrızlı və 5 min 759 nəfəri digər millətlər olub. Bir daha qeyd edək ki, bütün rəqəmlər yalnız rəsmi statistikaya əsaslanır. Qeyri-rəsmi olaraq Bakının əhalisi 2 dəfə çox qiymətləndirilir.../atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ