Paytaxtda nəqliyyat vasitələrinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, görülməli işlər hələ çoxdur.
Məsələn, Bakı ətrafı qəsəbələrə sərnişin daşınmanı həyata keçirən marşrut avtobuslarında olduqca acınacaqlı vəziyyət hökm sürür. Publika.az xəbər verir ki, belə marşrut xətlərindən biri də "Xətai” metrostansiyası - Hövsan istiqamətində hərəkət edən 175 saylı marşrut avtobusudur. Bu xətdə istismar olunan bir çox avtobusun oturacaqları sıradan çıxdığından sərnişinlər hər gün təhlükə ilə üzləşirlər. Xüsusən arxa təkərlərin üzərindəki oturacaqların altlığı sıradan çıxdığından, onların üstündəki oturacaqların hər an aşma, onun üstündə əyləşmiş sərnişinlərin ciddi xəsarət alma təhlükəsi var. Məsələ ondadır ki, oturacağın altlığı sıradan çıxdığı təqdirdə, sərnişin düz hərəkət edən təkərin üstünə düşə bilər. Sərnişinlərə daim təhlükə yaradan 175 saylı avtobusdakı digər təhlükəli məqam arxa hissəyə qanunsuz oturacaqların yerləşdirilməsidir. Heç bir standart nəzərə alınmadan, özbaşına şəkildə və kustar üsulla quraşdırılmış oturacaqlar real təhlükə mənbəyidir. Bundan əlavə, bu avtobusların damındakı lyukların qapağının olmaması adi haldır. Lyukların qapağının olmaması da yağıntılı və həddən artıq günəşli havada sərnişinlərə problemlər yaşadır.
Avtobusların texniki yararsız halda olması, mühərriklərdəki problemlər onların Zığ qəsəbəsində, Cəmşid Naxşıvanski adına liseyin qarşısında üzü yuxarı əraziyə çətinliklə qalxması, tez-tez sönərək yolda qalması ilə nəticələnir.
175 saylı marşrutdakı avtobusların sahibi Əlixan
Quliyevyuxarıda göstərilən faktların mövcudluğunu etiraf etdi. O, Publika.az-a
açıqlamasında sahibi olduğu nəqliyyat vasitələrindəki xoşagəlməz halların
tezliklə aradan qaldırılacağına, yaxın günlərdə bəzi avtobusların əsaslı şəkildə
təmir ediləcəyinə söz verdi. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri
Nuridə Allahyarova da problemdən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə
görə, istər 175 saylı, istərsə də bəzi digər marşrutlardakı avtobusların təhlükəsizlik
tələblərinə cavab verməməsi gündəmdədir: "Bildiyiniz kimi, Bakı Nəqliyyat
Agentliyi yenicə yaranıb. Bütün bunlar isə illərlə yaranan problemlərdir. Nəqliyyat
sahəsindəki xaosun bir günə həll ediləcəyini gözləmək mümkün deyil. Nəinki
paytaxt ətrafındakı qəsəbələr istiqamətində, hətta şəhərin mərkəzindəki bəzi
avtobuslarda da belə xoşagəlməz mənzərələrə rast gəlinir”. O, qeyd etdi ki,
yaxın aylarda bir sıra köhnə avtobuslar xətdən çıxarılacaq: "Xüsusən sərnişin
sıxlığının az olduğu qarşıdan gələn aylarda bu istiqamətdə müəyyən tədbirlər
görüləcək. Köhnə avtobuslar yeniləri ilə əvəzlənəcək. İstifadə müddətini başa
vurmuş nəqliyyat vasitələri isə tədricən xətdən çıxarılacaq. Bununla bağlı
sahibkarlarla danışıqlar aparılacaq. Bu prosesi qısa zamanda həyata keçirmək çətindir.
Ona görə də avtobuslar yeniləri ilə tədricən əvəzlənəcək”.








