RU
Balacaların böyük problemi
20:27
787

Balacaların böyük problemi

Cəmiyyətə faydalı övlad yetişdirmək, uğurlu nəslin təməlini qoymaq hər bir valideynin istəyidir. Lakin sosial təminatını yaxşılaşdırmaq üçün övladlarını məcburən dayələrə etibar etməli olan valideynlər arzularını gerçəkləşdirə bilirlərmi? Suala cavab tapmaq çox çətindir. Təəssüf ki, dayələr böyük ümidləri, etibarı doğrultmaqda çox vaxt acizdirlər.

Son illər Azərbaycan ailələrində uşaqların tərbiyəsilə dayələrin məşğul olması artıq ənənəyə çevrilib. Orta təminatlı ailələr uşaqlarına dayə tutur. Lakin uşaqlarını etibar etdikləri şəxslərin psixoloji durumu, savadı, uşaqla davranışı valideynləri o qədər də maraqlandırmır. Əsl problemlər də elə bundan sonra başlayır.

Tarixən dayəlik varlı təbəqənin, zəngin ailələrin uşaqlarına baxan, elmi, savadı ilə seçilən insanlar olub. Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. İndi dayəlik işsiz orta yaşlı qadınların qazanc yeridir. Övlad böyüdən xanımlar yetərincə təcrübəli olduqlarını düşünürlər. Bir çox hallarda, uşaqlar belə şəxslər tərəfindən incidilir, hətta bəzən zorakılığa məruz qalır.

Vaxtilə əksər ailələrdə dayəlik funksiyasını evin böyükləri, nənələr icra edirdi. Əslində o vaxt da müəyyən problemlər meydana çıxırdı. Belə bir fikir formalaşırdı ki, nənə nazı ilə tərbiyə alan uşaqlar ərköyün böyüyürlər. Vaxt dəyişdi, nənələri dayələr əvəzlədikcə nəinki çıxış yolu tapıldı, hətta problem gedərək dərinləşdi. İndi də valideynlər uşaqların dayələr tərəfindən zorakılığa məruz qalmasından narahatdırlar. Bəs onda nə etməli? Uşaqlar kimin himayəsində böyüməlidir?

Verilən cavablardan belə qənaətə gəlmək olar ki, uşaqların normal, düzgün, psixoloji cəhətdən sağlam böyüməsi uşaq bağçalarına yollanması ən optimal variantdır. Yeri gəlmişkən, Avropada dayəliklə bağlı xüsusi kurslar fəaliyyət göstərir. Həmin kurslardan təlimatlanan dayələrin işi təkcə uşaqları yedizdirib, içizdirib, yatızdırmaqla məhdudlaşmır. Əsas diqqət düzgün xarakterin formalaşmasına və uşaqların normal fərd kimi yetişdirməsinə yönəlməlidir. Psixoloqlar da məsələyə ciddi yanaşmağa və valideynləri düzgün seçim etməyə çağırır.

İşlərinə daha çox vaxt ayıran valideynlər dayənin uşaqlarla kobud rəftarından gec xəbər tuturlar. Mənəvi zərbə, sevgisizlik təbii ki, psixoloji problemlərə yol açır. Ana-atalar çıxış yolunu yeni dayə axtarışında görürlər. Bir-birinin ardınca dəyişən tərbiyəçilər, yeni tanışlıqlar və uğursuz nəticələr vəziyyəti daha da pisləşdirir.

Bəs nə etməli? Reallıq odur ki, hələlik bizdə nə xüsusi peşə məktəbləri, nə də dayəlik kurları mövcuddur. Evlərdə kamera quraşdırmaq da çıxış yolu deyil. Seçim nədir? Bizdən kiçik bir məsləhət. Övladlarınızla aranızdakı ünsiyyəti çoxaldın, onları milli ruhda böyüdün və ən əsası sevgini əskik etməyin!/ttv.az

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ