Balakən rayonunun Katex kənd sakini Əli Soltanov bir neçə gün öncə həyətində maraqlı tapıntı aşkar edib.
Tam olaraq nə olduğu bilinməyən boş quyu bölgə tarixinin öyrənilməsi baxımından yeni bir mərhələnin təməli ola bilər.
Çünki, Əli Soltanov daha öncə yaşadığı evin zirzəmisini qazarkən də qədim insanların oturaq dəzgahını xatırladan ocaq yeri aşkar edib. Bu həyətdə və qonşu ərazilərdə İslamdan öncəyə aid olduğu guman edilən qədim qəbirlərə, küp və digər əşyaların qalıqlarına da tez-tez rast gəlinir.
8000 nəfər əhalisi olan Katex kəndinin yerləşdiyi ərazidə qədim, yüksək sivilizasiyalı yaşayış məskəninin olduğu bir çox tarixi abidə və tapıntılarla sübut edilib. Bu tapıntının isə ilkin ehtimallara görə tarixi İslamdan öncə erkən orta əsrlərə təsadüf edir.
Torpağın çökməsi nəticəsində üzə çıxan bu boşluq ehtimal edilir ki, qədim insanların ibadət yeri və ya yeraltı anbar ola bilər. Sözügedən ərazidə genişmiqyaslı tədqiqat məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya İnstitutuna müraciət ediləcək./ARB TV
7news.Az











