Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
7News.az bildirir ki, Əmanətlərin Sığortalanması Fondundan verilən məlumatda deyilir ki, avqustun 19-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 19,5 milyon manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 28,8 milyon manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 5,8 milyon manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2,3 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 56,4 milyon manatdan artıq kompensasiya ödənilib.
Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.
2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək./trend
7News.az








