RU
Bankdan kredit alan vətəndaşı qarət edən Ağcabədi sakini 4 il 6 ay cəza alıb
18:53
386

Bankdan kredit alan vətəndaşı qarət edən Ağcabədi sakini 4 il 6 ay cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini Təbriz Həsənovun (1994-cü il təv.) CM-nin 180.2.1 (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.4 (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) və 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, Təbriz Həsənov açıq talamaq məqsədi ilə Namid Kəlbiyev, Natiq Əsgərov və Məftun Abbasovla qabaqcadan əlbir olub bir qrup şəxs halında, ötən il fevralın 12-i, saat 24 radələrində Sabunçu bazarının yaxınlığında Lənkəran rayon sakini Asif İbrahimzadəyə xəsarətlər yetirərək, sonuncunun əynindəki gödəkcəsinin çibindən 4000 manat nağd pulu və hər birinin qiyməti 1 manat olan 8 ədəd loteriyaları açıq yolla talayaraq, hadisə yerindən qaçıblar.

Səhərisi gün zərərçəkənin məlumatı əsasında Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Namid Kəlbiyevi Sabunçu qəsəbəsinin ərazisində tutublar. Sorğu-sual zamanı Kəlbiyev, Təbriz Həsənovun Asif İbrahimzadənin yanında olan Şahlar adlı şəxsin arxadan qollarını tutub divara dirədiyini, Natiq Əsgərov ilə Məftun Abbasovun isə Asif İbrahimzadənin qollarından tutduğunu, özü isə əlini Asifin cibinə salıb pulu və lotoreyaları götürüb, sonra da qaçdıqlarını etiraf edib. Digər iştirakçıları isti izlərlə yaxalamaq mümkün olmayıb, iyunun 3-də polis əməkdaşları Natiq Əsgərovu və Məftun Abbasovu tutublar, dindirmə vaxtı sonuncular etiraf ediblər ki, Təbriz Həsənovla Namid Kəlbiyev soyğunçuluq yolu ilə ələ keçirdikləri puldan Natiqə 500, Məftuna isə 100 manat pul veriblər. İstintaq-əməliyyat yolu ilə Təbriz Həsənovun Ağcəbədi rayonunun Muğanlı kəndində gizləndiyi müəyyən olunub, dekabrın 22-də o saxlanılıb və dindirilərkən cinayətdə iştirak etdiyini bildirib.

Məhkəmə prosesində Təbriz Həsənov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində, yaşadığı Ağcabədi rayonundan Bakıya gələrək fəhlə işlədiyini göstərib. Həmin vaxtdan o, kirayədə birlikdə yaşadığı Xalıq adlı şəxsin vasitəsi ilə Namid Kəlbiyevlə tanış olub. Xalıq Sabunçu bazarında yerləşən kafedə işlədiyinə görə, hər axşam işdən çıxdıqdan sonra ora gedərək, onun işi bitdikdən sonra sonuncu ilə birlikdə yaşadıqları evə qayıdıblar. Həmişə olduğu kimi fevralın 12-də, saat 22-də Təbriz yenə də kafeyə gedərək Xalıqı gözləyib və axşam saat 23 radələrində dostunun iş vaxtı bitdikdən sonra, onunla evə gedib. Həmin axşam sonuncu dəfə Namidlə Natiqi həmin kafedə görüb. Onun sözlərinə görə, Asif İbrahimzadəni əvvəllər tanımayıb, aralarında heç bir mübahisə olmayıb, sonuncunun üzərindən pul götürməyib, ona hədə-qorxu gəlməyib və həmin hadisə vaxtı orada olmayıb.

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Asif İbrahimzadə göstərib ki, ailəsini dolandırmaq üçün bəzi vaxtlarda Lənkərandan Bakıya gəlib Türkan qəsəbəsində fəhləlik edib. Oğlu Samir Masazır qəsəbəsində özünə torpaq sahəsi alıb ev tikdirirdi. Samirin evini təmir etdirmək üçün fevralın 12-də Lənkəran şəhərində yerləşən “Əmrahbank”dan 4000 manat kredit götürüb. Bundan sonra, ev təmiri ilə məşğul olan qohumu və həmkəndlisi olan Şahlarla görüşmək üçün Bakıda, Sabunçu bazarının yanına gəlib. Saat 22:30-da Şahlarla görüşüb, kafeyə yollanıblar, orada yeməklə yanaşı özlərinə araq sifariş ediblər. Başqa bir stolda tanımadığı dörd nəfərin əyləşib pivə içdiyini görüb, sonra həmin şəxslərdən biri, adını sonradan bildiyi Namid Kəlbiyev onlara yaxınlaşıb, ona da yemək və pivə almasını xahiş edib. Asif Namidə onlarla birlikdə çörək yeməsini təklif edib, ancaq sonuncu dostları ilə oturduğunu deyib və bundan imtina edib. Saat 24 raədlərəində Şahlarla birlikdə kafedən çıxıb, yaxınlıqdakı mağazaya gediblər. Bu zaman Namid də, onun arxası ilə mağazaya daxil olub, ona bir qutu siqaret və kontur almasını istəyib. Pulu ödəmək üçün bankdan götürdüyü 4000 manatı cibindən çıxardıqda, Namid onun əlindəki həmin pulları görüb. Daha sonra, mağazadan çıxıb Şahların Sabunçu qəsəbəsində olan evinə tərəf gediblər. Tanımadığı dörd nəfərin onların arxası ilə gəldiklərini görsə də, sonuncuların onları təqib etdiklərini bilməyib. Qaranlıq bir döngədə həmin şəxslər üstlərinə hücum çəkib, onları döyməyə başlayıblar. Onlardan üçü onu vurub, Namid onun gödəkcəsinin cibindən pulu və lotoreyaları götürüb, qaçıb. Zərərçəkən Təbriz Həsənovu Şahları tutan hündürboy və arıq bədən quruluşlu oğlana bənzədiyini deyib, ancaq həmin vaxt hava qaranlıq olduğundan Şahları tutan şəxs olduğunu dəqiq deyə bilməyib. O, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını qeyd edib.

Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkənin üzərindən pul götürülən zaman orada olmaması kimi ifadələrini, iş materiallarına uyğun olmayan, özünümüdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirib, buna görə də, Təbriz Həsənovun verdiyi ifadənin həmin hissələrini inandırıcı hesab etməyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ