Banqladeşdə davam edən qızılca epidemiyası uşaqlar arasında can almaqda davam edir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin Baş Səhiyyə Xidmətləri İdarəsinin (DGHS) məlumatına görə, son 24 saat ərzində daha 4 uşaq qızılca şübhəsi ilə həyatını itirib.
Bununla da ölkədə qızılca epidemiyası nəticəsində ölən uşaqların sayı 712-yə yüksəlib.
Məlumata əsasən, son sutka ərzində daha 941 yeni qızılca şübhəli halı qeydə alınıb. Bununla da ölkə üzrə ümumi şübhəli yoluxma sayı 99 min 207-yə çatıb.
Bildirilir ki, aprelin 10-dan indiyədək qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 82 min 844 olub. Onlardan 79 min 152-si müalicə alaraq evə buraxılıb.
Qeyd edək ki, Banqladeş hökuməti aprelin 7-də çoxsaylı uşaq ölümü qeydə alındıqdan sonra ölkə üzrə təcili peyvənd kampaniyasına start verib.
Mütəxəssislər bildirirlər ki, pnevmoniya və ensefalit kimi ağır fəsadlara səbəb ola bilən qızılca dünyada peyvəndlə qarşısı alına bilən ölüm səbəbləri arasında ilk sıralarda yer alır.








