Cari ilin 11-12 mart tarixlərində Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Mahmud Mehdiyevdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirilməsi Şurasının işçi iclasında iştirak ediblər.
İclasda cari ildə keçirilməsi nəzərdə tutulan Şuranın 36-cı iclasının təşkili ilə əlaqədar məsələlər, bir sıra qərarlarının layihələri, həmçinin qarşılıqlı hüquqi yardım, hüquq-mühafizə qurumları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi ilə bağlı bir sıra praktik mövzular müzakirə edilib.
Bununla yanaşı, tədbir çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası üzrə ekspert görüşü keçirilib.
Görüşdə geniş təqdimatla çıxış edən Mahmud Mehdiyev ölkəmizdə bu sahədə həyata keçirilən qanunvericilik və institusional islahatlar, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi, izlənilməsi, müsadirə edilməsi və müsadirə edilmiş əmlakların idarə edilməsi ilə bağlı formalaşan milli təcrübə, eləcə də bu istiqamətdə regional və beynəlxalq platformalar çərçivəsində tərəfdaşlarla məhsuldar əməkdaşlıq əlaqələri barədə məlumat verib, habelə iştirakçıların sualları cavablandırılıb.










