F.Abdullayev yazır: "Mən "Azərsu" ASC-də işləyirəm. Təxminən 3-4 gün öncə əmək haqqımı aldığım Beynəlxalq Bankın Sənaye filialından alınmış maaş kartımdan "Bank of Baku”da yoldaşımın adına olan kredit hesabına hesab.az vasitəsilə 131 manat pul köçürtmüşəm. Buna görə məndən bank işçilərinin dediyinə görə, 5 ABŞ dolları, yəni kursa uygun olaraq 8.67 manat komissiya pulu tutulub. Mən əvvəllər də maaş kartımdan müxtəlif ödənişlər etmişəm və bir dəfədən başqa məndən məndən heç bir komissiya pulu tutulmayıb. O da 3-4 ay öncə məhz həmin bu köçürməyə görə komissiya tutulmuşdu. Mən zəng edəndə bank tutduğu pulu geri oturtdu. İndi zəng edirəm, cavab verirlər ki, bizdə qayda belədir. Deyirəm əvvəl də belə bir şey olmuşdu, siz onu səhv adlandırıb düzəltdiniz və pulu geri qaytardınız. Amma etiraf etmirlər ki, belə bir hal olub, indi deyirlər qayda budur.
Məni 2 sual maraqlandırır: əvvəla, niyə mənə deməmiş o pulu məndən tutublar, ən azından elə köçürtmədə ekranda göstərilir ki,səndən 1 manat, ya nə qədərsə pul tutulacaq. Sən də ona uyğun qərar verirsən.Bu mənə bildirilməyib. İkincisi, Azərbaycan vətəndaşı olan məndən Azərbaycanın bir bankından digərinə pul köçürtməyə görə niyə xarici valyutada özü də bu qədər çox komissiya pulu (6 faizdən yuxarı) tuturlar? Bunu hər vətəndaşa etsələr, əməlli qazanc yeri tapmış olurlar”.
Şənbə günü olduğu üçün Beynəlxalq Bankdan mövqe almaq mümkün olmadı.
Qarşıdakı iş günlərində məsələyə aydınlıq gətirməyə çalışacağıq.
7news.Az








