RU
“Bəzən düşünürsən ki, o bomba real olmalı, tapılmalı, partlamalı idi...”
09:36
3480

“Bəzən düşünürsən ki, o bomba real olmalı, tapılmalı, partlamalı idi...”

Şahbaz Xuduoğlu “Qanun” nəşriyyatındakı “bomba əməliyyatı”nın detallarından danışır;“Əslində biz ailədə də bir-birimizin yanında dayanan, birinə bir şey olanda o biri tez müdafiəyə qalxan... olmamışıq” 

 

“Qanun” nəşriyyatında aparılan yoxlama, “bomba” axtarışı ilə bağlı keçirilən əməliyyat artıq yekunlaşıb. “Yeni Müsavat”ın əməkdaşı dünən səhər saatlarında nəşriyyatın binasında olanda içəridə bu prosesdən hər hansı iz, əlamət qalmamışdı. İşçilər əvvəlki qaydada çalışır, nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu isə iş başında idi. Üstəlik, ətrafda polis geyimli heç kəs görünmürdü. Amma yaşanan çaşqınlığın, narahatçılığın izləri işçilərin üzündə hiss olunurdu. Hər an qapını polis döyəcək, yenə iş prosesi yarıda kəsiləcək... deyə əksəriyyətin gözü qapıda qalmışdı.
 
Ş.Xuduoğlu isə deyir ki, bu günə qədər üzləşdikləri təzyiqlər çoxsaylı dəyərli işçilərinin işdən çıxması ilə nəticələnib. “Heç də hər kəs bu cür təzyiq altında, gərginlikdə çalışmaq istəmir” deyən nəşriyyat rəhbəri son iki gündə yaşanan “bomba həyəcanı”nın isə Ə.Haqverdiyevin “Bomba” hekayəsindən çox az fərqləndiyini deyir.
 
- Şahbaz bəy, bilməyənlər üçün öncə hadisənin necə baş verməsi, detalları ilə bağlı danışaq... 
 
- Şənbə günü saat 19:00 radələrində bir qrup polis - bəziləri mülki, bəziləri polis geyimində - binaya daxil olublar. Həmin saat işdən sonrakı vaxtdır. Yalnız binanın yuxarı mərtəbəsində oturan vəkillər və bir neçə qurumun işçiləri binada olub. Nəşriyyat isə ümumiyyətlə işləməyib. Nəşriyyatın önündə dayanan gözətçinin telefonunu alıblar, özünü də binadan uzaqlaşdırıblar. 
 
- Bunu necə izah ediblər? 
 
- Deyiblər ki, binada bomba var. Əvvəlcə istəyiblər ki, içəridə olanları bayıra çıxarsınlar. Sonra isə içəridə olanları elə içəridə saxlayıblar. Bayırdan qapını bağlayıblar. Bir neçə polis nəfəri içəri girib, binanı dövriyyəyə alıb və nəzarətə götürüblər. Sonra bu barədə mənə məlumat verdilər. Bu, mənə polis tərəfindən verilən məlumat deyildi, işçilərdən xəbər gəldi. Mən uzaqda idim, amma bildirdim ki, əgər həqiqətən binada bomba varsa, onu zərərsizləşdirsinlər, mənim buna etirazım yoxdur. Bir azdan xəbər aldım ki, içəridə olan adamları bayıra çıxmağa qoymurlar.
 
Onda başa düşdüm ki, əgər bu binada partlayıcı qurğu varsa, içəridəki bütün adamlar bayıra çıxarılmalıdır. Bu bina, eləcə də ətrafdakı institutun binası köçürülməli, yoldakı gediş-gəliş qadağan olunmalı, bütün təhlükəsizlik tədbirləri görülməlidir. Bina xüsusi mühafizəyə götürülməlidir. Bunların heç biri baş vermədiyi üçün anladım ki, burda bomba axtarışından söhbət getmir, nəsə başqa bir söhbət var. Onda dedim ki, nəzarətdə saxlamaq istəyirlərsə saxlasınlar, mənsə uzaqdayam, bu gün gələ bilmirəm. Əgər axtarışı bizim iştirakımızla aparmaq istəyirlərsə, sabah biz də iştirak edərik. Gecə polis binanı nəzarətə götürdü.
 
- Polis içəridə idi? 
 
- Xeyr. Sadəcə, binanın açarını gözətçidən almışdılar. Özünü binadan kənarlaşdırıb, telefonunu da götürmüşdülər. Bina isə bütün gecə onların nəzarətində idi. 
 
- Yəni bu müddətdə onların həmin binada nəsə axtarmaq imkanları da var idi? 
 
- Əlbəttə. Onlar hansı otağın qapısı açıq idisə, ora girmişdilər. Hara baxmaq mümkün idisə, baxmışdılar. Mən günorta saat 1-də nəşriyyatın binasına gəldim. Baş verən proseslərlə bağlı facebook səhifəmdə status yazdım, saat 14.00-a isə mətbuat konfransı təyin etdim. Saat 2-nin yarısı cinayət axtarış idarəsinin rəisi, rəis müavini burda idilər. Bütün komanda olaraq axtarışa hazır olduqlarını bildirdilər. Nəşriyyatda gördüyünüz stollara, stullara, vərəqlərə, əl yazılarına baxış keçirildi, axtarıldı. Mənim otağımda da hər yer axtarıldı. Hətta illərdən bəri üzünə baxmadığım vərəqlər, əlyazmalar belə üzə çıxdı (gülür).
 
- Və son ana qədər iddia olundu ki, o vərəqlərin, əlyazmaların arasında da bomba axtarırlar... 
 
- Bəli. Biz işçiləri də çağırmışdıq. Bir nümayəndə otaqların qapısını açırdı, onlar baxış keçirirdilər. 
 
- Axtarış nə qədər davam etdi?
 
- 4-5 saat. 
 
- Sonuc? Axtarış yekunlaşdı, hər şeyi sənədləşdirdilər və sizə nə dedilər? 
 
- Sonra mətbəəni də araşdırdılar. Ordan təqribən 300-400 vərəq apardılar. Eyni zamanda dəmir təbəqələr. Dəmir təbəqə nədir? Dəmir təbəqə çap makinasının üstünə taxılır və çap maşını işlədikcə dəmir təbəqənin üzündən köçürülür. Bu təbəqələr aparıldı və eyni zamanda çoxlu sayda tamamlanmamış çap məhsulları, digər kağız və listlər aparıldı. 
 
- Bəs bunu nə ilə izah etdilər? Məntiqlə bomba axtarışının nəticəsi bu olmamalıdır axı...
 
- Onlar dedilər ki, “ümumiyyətlə, bizə bu cür məlumatlar daxil olur. Psixi sağlam olmayan adamlar da zəng edir, məlumat verirlər və biz gəlirik. Bəzən hadisə yerindən onların dedikləri yox, demədikləri məsələlər də aşkarlanır. İndi biz çağırış üzrə gəlmişik. Bomba axtarırdıq, amma indi bomba da olmasa, bizim diqqətimizi çəkən, təhqiqat üçün əhəmiyyətli ola bilən məsələlər var”. 
 
- Götürdükləri vərəqələr nə idi? Hansısa kitabın əlyazması, yoxsa? 
 
- İndi onlar bunu təhqiq edəcək və daha sonra bizə deyəcəklər. Bura mətbəədir. Orda illərlə yığılıb qalan sənədlər, kağızlar var. Ordan nə çıxacaq, bilmirəm. 
 
- Nəticəni nə zaman sizə deyəcəklər? 
 
- Konkret vaxt deməyiblər. Amma təhqiqatla bağlı sənədlər istəyiblər mühasibatlıqdan. Məndən də bu məsələ ilə bağlı hər hansı izahat alınar, ya alınmaz, onu dəqiq bilmirəm. 
 
- Sizin versiyanız nədir? Bu axtarış niyə baş verdi? 
 
- Əvvəlcə gerçəkdən nəşriyyata bomba qoyulması xəbərini eşidəndə, xüsusən də bu məlumatın 102-dən daxil olduğunu biləndə bunun gerçək olduğunu düşündüm. Dedim ki, ola bilər... 
 
- Bu qorxu nədən qaynaqlanırdı? Sizin nəşriyyata bombanı kim qoya bilər ki, məntiqlə? 
 
- Qorxu gündəlik həyatımızdır. İstanbulda hər gün baş verən partlayışlardır. Şəxsi deyildi. Düzdür, polislər deyirdi ki, bunu sizin düşmənləriniz də edə bilər. Mənsə elə hesab etmirəm ki, düşmənlərim var. İnsanın niyə düşməni olmalıdır ki? Kimsə kimisə sevməyə bilər, rəqabət baxımdan pislik edə bilər. Amma bu dərəcədə yox. Bu nəşriyyatda o qədər hadisələr olub ki, polislər indiyə qədər bu qədər canfəşanlıq etməyiblər. Məsələn, nəşriyyatda oğurluq olmuşdu, amma hələ də üstü açılmayıb. Üç müstəntiq dəyişib, ortada heç nə yoxdur. Onlar bu işi açmaqda maraqlı olmalı olduqları halda, sən onların ayağına düşürsən, işi açmaları üçün xahiş-minnət edirsən, faktlar toplayıb təhlil edirsən və sair. Baxırsan ki, gənc adamlardır, amma bu məsələdə özlərini laqeyd aparırlar.
 
- Qayıdaq versiyanıza... 
 
- Mənim ilk versiyam həqiqətən bombanın olması ilə bağlı idi. Sevindim ki, nə yaxşı içəridə heç kim yoxdur, ziyan dəyməyəcək heç kimə. İkinci versiya isə hansısa çap məhsulu ilə bağlı idi. Dərhal beynimdən film lenti kimi burada çap olunan kitablar keçdi. Axı indi seçki prosesi deyil.  Son belə hücum - vergi yoxlaması prezident seçkilərindən sonra oldu. Orda da çoxlu versiya vardı. Amma ən inandırıcı versiya Cəmil Həsənlinin seçki plakatlarının çap olunması idi. Bizim xüsusi məktubumuz var ki, nəyi çap edə bilərik, nəyi yox. Bu, hüquqi qüvvəsi olmayan, rəsmi sənəddir. Bunu yazılmamış qanun kimi qəbul edirik. Biz artıq bilirik ki, nələri çap etmək olar. Bunun xaricində isə yatıb yuxuda görməliyik ki, başqa nələri çap etmək olmaz? Ümumiyyətlə, mətbəə, çap işi ilə məşğul olanlar müvəqqəti dövr üçün siyasi gündəmə gəlmiş şəxsləri tanımırlar və heç tanımaq zorunda da deyillər.  Gün axşama qədər bunlar çap işi ilə məşğuldur. Hardan tanısınlar siyasətçini? 
 
- Bəs indiki halda “hədəf kitab”, “hədəf persona” kimdir? Çap etdiyiniz kitablar arasında “təhlükəli” kateqoriyasına hansı girir? 
 
- Doğrusu, kitablar arasında çox düşündüm. Ağlıma elə bir kitab gəlmədi. Son dövrlər əsasən tərcümə nəşr edirik. Hətta düşündüm ki, bəlkə Saramaqonun “Korluq” əsərinə görə olub bu?  Bəlkə hansısa hissə hansısa məmurun əlinə düşüb və nəyəsə görə onun çapını təhlükə bilib? Amma o kitabda da təhlükə olacaq heç nə yox idi. Biz başa düşürük ki, bomba tipli məlumatları FHN araşdırır, oranı zərərsizləşdirmək üçün xüsusi kurs keçmiş insanlar hadisə yerinə gəlir. Cinayət axtarış şöbəsi bura niyə gəlməlidir? Məndə ilk şübhə yaradan məqam da budur. Qardaşım Əlövsətlə bağlı (Əlövsət Əliyev-red.), ona görə qurulmuş bir ssenari olması ehtimalı da vardı. Amma sonradan düşünürsən ki, şəxsi intiqamçılıq baxımdan belə bir kobud ssenari hazırlanması versiyası inandırıcı deyil. Bu işləri daha incə görmək olar. Onlar da bunu belə əsaslandırırlar ki, adətən belə çağırışlara biz getmişik. Çünki getdiyimiz yerlərdən heç vaxt bomba tapmamışıq. Ya da cəmiyyətdə gərginlik yaratmaq üçün belə bir ssenari qura bilərlər. 
 
- Bəs niyə siz hədəf seçilirsiz? Hansısa partiya, media orqanı və ya hüquq müdafiə təşkilatı yox, məhz sizin nəşriyyat? 
 
- Burda da bomba nəzəriyyəsi işə düşür də. Deyirlər ki, görürsən, cavan polislərin hərəsi bir yerdən silah, tüfəng tapır, bəs sən artıq qocalmısan, sən də bir şey tap. O da “bomba” tapır. Bu, cəmiyyətin genetik kodunda var - yarınmaq. 
 
- Qardaşınız Əlövsət bəyə görə olmayıb deyə düşünürsüz... 
 
- Əslinə baxsanız, son illərə qədər bizim Əlövsətlə fəaliyyətimiz heç zaman paralel və kəsişən xətlər üzrə olmayıb. Son illər bu şeyləri çox hallandırırlar - qardaş və sair. Əslində biz ailədə də bir-birimizin yanında dayanan, birinə bir şey olanda o biri tez müdafiəyə qalxan... olmamışıq. Məqsəd bomba tapmaq idisə, səbəblər bir neçə ola bilər.
 
- Səbəblərdən biri kimi İlqar Məmmədovun yaxınlaşmaqda olan ad günü ilə bağlı sizin nəşriyyatda hazırlanan çap məhsulları göstərilir. Bununla bağlı REAL təşkilatının yaydığı bəyanatda da qeyd olunub. 
 
- Müsadirə olunmuş yarımfabrikat məhsullar, dəmir lövhələr var. Onların arasında arxiv sənədləri də yer alır, köhnə tarixə aid nəsə başqa materiallar da. Ümumiyyətlə, mətbəə nəşriyyatdan ayrı, müstəqil fəaliyyət göstərir. Orada elə materiallar var ki, sadəcə, kəsməyə, tikməyə, qatlanmağa gətirilir. Ola bilər ki, hər hansı material bizim nəşriyyatın məhsulu olmasın, amma müəyyən texniki proses bizdə davam etsin. Hazırda təhqiqat gedir, o sualın cavabı arasında İlqar Məmmədova aid materiallar da ola bilər, başqa materiallar da ortaya çıxa bilər. Nəşriyyatdan heç nə götürülməyib, mətbəədən götürülüb. Amma heç gələnlər də deməyiblər ki, onu axtarırlar. Təsəvvür edin ki, dünən işdən çıxıb gedəndə gördüm uniformalı  5-6 nəfər uzaqdan gəlir və dərhal düşündüm ki, onlar “Qanun”a gəlirlər. Sonra gördüm ki, “Azərsun”un işçiləridir, başqa tərəfə gedirlər. Artıq polis uniformalı şəxs görən kimi avtomatik düşünürəm ki, onlar “Qanun”a gəlirlər. Ayaq altına çeviriblər. Bu təzyiqin altında sən kitab buraxır, iş görürsən. Bəzən düşünürsən ki, o bomba real olmalı, tapılmalı, partlamalı idi (gülür). 
 
Sevinc TELMANQIZI
 
 
 







BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ