"Qızlar, vəziyyətim heç yaxşı deyil. Üç gün sonra şəhərin mərkəzi meydanında edam olacaq, kafirin başını kəsəcəklər. Əla şou olacaq. Mənimsə o şouya geyinməyə yaxşı paltarım yoxdur".
Onun rəfiqəsi isə deyir: "İndiyədək 5 dəfə ərdə olmuşam, ərlərimin hamısı həlak olub. İndi 6-cı ərimlə yaşayıram". Bu zaman partlayış səsi eşidilir və qadın deyir: "Artıq 6-cı ərimdən də dul qaldım".
Bu sözlər Britaniyanın BBC2 telekanalında nümayişi başlanmış yeni "Real Housewives of ISIS" ("İŞİD-in real ev xanımları") serialının qəhrəmanlarından biri Əfsanəyə məxsusdur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, serial Britaniyada çox böyük qalmaqal doğurub. Ölkədə yaşayan müsəlmanlar, xüsusilə də əslən Yaxın Şərq ölkələrindən olan ərəblər teleserialı biabırçılıq, islama və müsəlmanlara təhqir sayıblar.
Suriyadan olan mühacirlər isə teleserialı Bəşər Əsəd rejimi və İŞİD terrorundan əziyyət çəkən, ölkədəki qanlı vətəndaş savaşında yaxınlarını, ailə üzvlərini itirmiş insanların məsxərəyə qoyulması sayırlar.
"Real Housewives of ISIS" komediya teleserialının əsas qəhrəmanları ərləri İŞİD terrorçuları olan qadınlardır.
ABŞ-da Nyu-York və Beverli-Hilssdəki evdar xanımlardan bəhs edən məşhur serialların parodiyası olan bu serial əslində sketç-şoudur.
BBC2 rəhbərliyi isə teleserialın sketç-şou olduğunu, kimsənin təhqir edilməsinin qarşıya məqsəd qoyulmadığını bəyan edib.
... "Ərim deyir ki, şəhid olsa, cənnətdə onu 40 huri gözləyəcək. Maraqlıdır, mən özümü partlatsam, cənnətdə məni hurilər, yoxsa qılmanlar gözləyəcək?!" - serial qəhrəmanlarından biri söyləyib. Onun rəfiqəsi isə gülərək təklif edir ki, əyinlərində "şəhid qurşağı" olarkən çəkilmiş fotolarını İnstagram-da "Jihadi Cane" heşteqi ilə yaysınlar.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










