7News.az xəbər verir ki, Aydın Quliyev adlı şəxs başına gələn dələduzluq əməlini Femida.az-a danışıb. Fotoqraf olan Aydın çəkilişlərdə istifadə üçün özünə yeni obyektiv alıb. Daha sonra köhnə obyektivini satmaq qərarına gəlib. İnternetdə elan qoyub. Bundan sonra ona Natiq adında bir şəxs ona zəng edib və obyektivi almaq istədiyini deyib. Aydın Quliyev məsələnin davamını belə şərh edir:"Mənə dedi ki, pulu hissə-hissə vermək imkanım var. Uşağım xəstədir. İş üçün bu obyektiv çox lazımdır. Mən də razılaşdım. Ümumi qiymət 600 manat idi. 200 manat verdi. Daha sonra qalan 400 manatı 2 həftəyə hissə-hissə ödəyəcəyini dedi. Aramızda müqavilə yazıb imzaladıq. Daha sonra şəxsiyyət vəsiqəsinin şəklini çəkib götürdüm. Öz nömrəsindən əlavə iki nömrə də verdi. Dedi ki, biri arvadımındır, biri də dostumun, sənə pul atmaq istəsəm, arvadımın nömrəsini verməzdim. Qalan hissəni ödəməyin vaxtı çatanda danışdıq dedi ki, axşam görüşək. Axşam zəng etdim, telefonu bağlı idi. Nə özünə, nə verdiyi digər nömrələrə zəng çatmırdı”.
Aydın Quliyev bundan sonra dərhal Nəsimi rayon 19-cu polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Obyektivi alan şəxs Orucov Natiq Nadir oğlu Zəngilan şəhər sakinidir. Zəngilan rayon polis idarəsinin inzibati binası isə Abşeron rayonunda yerləşir. Odur ki, şikayətçi işin bu rayon polisinə yönləndirilməsini gözləyir.
Qeyd edək ki, A.Quliyev azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Azərbaycana sifarişli işlər olanda, adətən moda həftələri ilə bağlı çəkilişlər üçün gəlib-gedirmiş. O, məsələ ilə bağlı Rusiya səfirliyinə də müraciət edəcəyini bildirib.
7News.az








