Azərbaycanda genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş, cəmiyyətin inkişafına xidmət etmiş tarixi şəxsiyyətlərə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yenidən diqqət artırıldı. Bu gün də milli- mənəvi dəyərlər və vətənpərvərlik hisslərinə söykənən ənənələr ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycanın ən böyük xeyriyyəçilərinin, tarixi şəxsiyyətlərinin abidələri mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları və tapşırığı əsasında əsaslı şəkildə təmir edilməkdədir.Ölkə rəhbərliyinin Azərbaycanın tarixi şəxsiyyətlərinə verdiyi dəyərlər fonunda yerlərdə də müəyyən işlər görülməkdədir.
Belə ki, Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunmuşdur.
Binəqədi rayonu Biləcəri qəsəbəsində açıq havada təşkil olunan ziyarətdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi nümayəndəsi İbad İbrahimov, Biləcəri qəsəbə Bələdiyyəsinin sədri Hikmət Quliyev, Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, məşhur milyonçu- xeyriyəçinin nəvəsi Dilarə Nağıyeva və həmin təşkilatın üzvləri, abidənin müəllifi- tanınmış heykəltəraş Azad Əliyev, abidənin bərpa işlərinin tamamlanmasına dəstək göstərən xeyriyyəçi insanlar,qəsəbə sakinləri iştirak etmişdirlər.
Tanınmış xeyriyyəçinin ruhuna
dualar oxunması ilə başlayan mərasimi Rayon İcra Hakimiyyəti başçısının müavini
Vüsar İsmayılov açaraq iştirakçılara tədbirin mahiyyəti və mərhum Ağa Musa
Nağıyevin Azərbaycan üçün dəyərindən danışdı. Natiq çıxışında rayon
iştirakçılara rayon rəhbərliyinin salamlarını çatdıraraq qeyd etdi ki, xalqımız
hər zaman öz millətinə, xalqına xidmət edən oğullarının yaşatmalı, onların
faydalı əməllərini gənc nəsillərə təbliğ etməlidir.
Daha sonra çıxış edən natiqlər də öz nitqlərində
abidənin abadlaşdırılmasında əməyi olan şəxslərə minnətdarlıqlarını ifadə etdilər.
Tədbir zamanı müvafiq fəaliyyətlə bağlı əməyi olan şəxslər Ağa Musa Nağıyev
adına "Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsis etdiyi Fəxri Fərmana
layiq görüldülər.
Abidənin açılışı zamanı gülqoyma mərasimi ilə
davam edən tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Xatırladaq ki, Ağa Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur.
28 may küçəsindəki qoşa imarətlər,
yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera
teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt
binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində
Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni
Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Ağa
Musa Nağıyevin maliyyəsi ilə tikilmişdir.
Məşhur milyonçu 1919-cu ilin mart ayında vəfat
etdikdən sonra doğulduğu Biləcəri kəndində dəfn olunmuşdur.




7news.Az








