RU
Biləsuvarda baş verən partlayışda bacı-qardaş xəsarət alıb, ana axtarılır - YENİLƏNİB + FOTO/VİDEO
22:14
296

Biləsuvarda baş verən partlayışda bacı-qardaş xəsarət alıb, ana axtarılır - YENİLƏNİB + FOTO/VİDEO

Biləsuvarda baş verən partlayış hadisənin təfərrüatı məlum olub.

Hadisə Nazilə Məmmədovaya məxsus şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli, bina 6, mənzil 15 ünvanında qeydə alınıb.

Belə ki, partlayış orda kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-ci il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb. 

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir.

21:16

Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi açıqlanıb.

Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

21:07

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub. 
Həmin şəxslər G.Əliyeva və onun oğlu Y.Əliyevdir.

Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

20:53

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

FHN-dən bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, daha öncə həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
20:41

Biləsuvarda hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
 


 

20:28

Biləsuvarda partlayış baş verən binada xilasetmə işləri aparılır. 

Hadisə şəhərin H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.

Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.

19:44

Biləsuvarda yaşayış binasında partlayış olub.

Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir./Qafqazinfo


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ