Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr təşkil edib.
“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda deyilən mühazirələrdə, 142 orta məktəb və 16 ali məktəb olmaqla ümumilikdə 158 yerdə tanınmış ziyalılar – akademiklər, professorlar, diplomatik korpus nümayəndələri, media mənsubları məktəblilər, tələbələr və yerli sakinlərlə görüşüb, onlara Azərbaycanda multikultural ənənələr, eləcə də tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
Saatlı rayonunda olan mühazirəçi – tanınmış jurnalist, BSU-nun Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin baş müəllimi, fəlsəfə doktoru Mübariz Əhmədov Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbin qonağı olub. Tədbirdə digər məktəblərin şagirdləri ilə bərabər, həm də Saatlı rayon Bilik Fondunun yerli könüllüləri də fəal iştirak ediblər.
Görüşdən razı qalan qonaq və şagirdlər bu kimi tədbirlərin Saatlı məktəblərində keçirilməsini yüksək qiymətləndiriblər. Onlar multikulturalizmin dövlət siyasəti olduğunu anlayaraq, Azərbaycanda yaşayan bütün xalqların qarşılıqlı anlaşma şəraitində dost və qardaş kimi yaşamasında bu kursun yüksək töhfə verəcəyinə inanırlar.
M.Əhmədovun mühazirəsindən sonra, bir-birinin ardınca Saatlı rayon Bilik Fondunun könüllü üzvləri, Valeri Əsgərov adına 4 saylı tam orta məktəbin direktoru Tamella İsmayılova, Saatlı rayon ziyalılar cəmiyyətinin sədri, əməkdar müəllim Heydər Heydərov, Saatlı rayon Tarix diyarşünaslıq muzeyinin direktoru, rəssam, əməkdar mədəniyyət işçisi Sürəyya Zeynalova, Saatlı rayonunda çıxan "Dönüş" qəzetinin redaktoru Mahir Allahyarov və digərləri mövzu ətrafında öz maraqlı fikirlərini bildiriblər.
Saatlı rayonu S.Vurğun adına 1 saylı tam orta məktəbin direktoru, RF Pedaqogika və Sosiologiya elmləri Akademiyasının müxbir üzvü, əməkdar müəllim Oktay Məmmədov: “Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda keçirilən bu mühazirəni yüksək qiymətləndirirəm. Yaxşı bilirəm ki, yeniyetmələrə belə mühazirələrin deyilməsinin, onların alimlərlə görüşməsinin müsbət təsiri çox böyükdür. Mühazirəçi tərəfindən şagirdlərimizə Azərbaycanda multikulturalizm, Ulu öndərimizin bu sahədə yürütdüyü uğurlu siyasət, bu gün də həyat tərzimizə çevrilən multikultural dəyərlər haqqında çox dərin məzmunlu məlumat verildi”.
Sonda bu kimi görüşlərin gələcəkdə də mütəmadi keçirilməsini arzu edən şagird və ziyalılar bir yerdə xatirə şəkilləri çəkdirərək xoş təəsüratlarla ayrılıblar.








