Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirilib.
7News.Az-ın xəbərinə görə, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra strukturlarının rəhbərləri, bələdiyyə sədrləri və qəsəbə üzrə nümayəndələr iştirak ediblər. Tədbirdə rayonda müxtəlif yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə baxılmasının mövcud vəziyyəti barədə danışılıb. Müşavirədə yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vətəndaşların müraciətinə baxılması işində prioritet məsələnin onlara diqqətli yanaşma, nəzakətlilik, qayğıkeşlik olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir.








