43 yaş məndən böyük qoca, 20 yaş məndən kiçik şeir
30 il bundan əvvəl Əlibayramlı (Şirvan) şəhər Sənaye Texnikumunun 3-cü kursunda oxuyurdum. 1987-ci il idi. Qrup yoldaşlarımın bir neçəsilə dərsdən gəlib, yaşadığımız tələbə yataqxanasının bufetində yenicə əyləşib Fatma xaladan yemək gətirəcəyini gözləyirdik ki, birdən əlində, səhv etmirəmsə, "Azərbaycan gəncləri" qəzetini yarıqatlanmış şəkildə tutan yataqxananın tibb bacısı Fatma xanım "Uşaqlar, "Goreşənlər"i oxumusunuz?" deyib, həyəcanla içəri girdi. Fatma xanım öz adaşından tez bir fincan su alıb içdi və heyrətlə "siz bir bunlara baxın, görün nəyə əl atıblar!" - dedi.
Günorta olduğundan bufetdə adam çox idi. Yaxınlıqdakı Mülki müdafiə idarəsinin əməkdaşları da adətən bizim yataqxananın bufetində nahar edərdilər. Ona görə bu vaxtlar bufet "qaynayırdı." Bufetin uzaq güncündə isə yataqxananın mühasibat işlərinə baxan 60 yaşlı Hacı dayı tək oturub rahat-rahat çay içirdi.
Fatma xanımın "Göreşənlər" deməsi, biz 17 yaşlıların diqqətini əməlli-başlı çəkdi: Necə yəni Goreşən? Belə məxluq həqiqətən də varmı? Tibb bacısı "Siz deyən goreşənlərdən deyil bunlar. Diqqətlə qulaq asın, oxuyuram" - dedi. Fatma xanım yazını xüsusi intonasiya ilə oxumağa başladı. Bufetə bir sükut çökmüşdü. Sanki bu olaya qaşıqlar, çəngəllər, stəkan, nəlbəkilər də tam mat qalmışdılar...
"Göreşənlər" adlı məqalənin məzmunundan bəlli oldu ki, ... rayonunda (rayonun adını etik səbəblərdən çəkmirəm, hər halda hadisənin üstündən düz bir qərinə vaxt keçib) bir qrup şəxs, 3-4 nəfər olmaqla, rayon ərazisindəki qəbirstanlıqlarda cavan-qoca demədən ağızlarında, qulaqlarında, barmaqlarında qızıl əşyaları ilə dəfn edilmişlərin kimliyini və dəfn olduqları qəbri əvvəlcədən müəyyənləşdirib sonra gecələr gedib bu "qızıl" qəbirləri eşib "qənimət" əldə edirlərmiş.
Tibb bacısı məqaləni oxuyub qurtarandan sonra bufetdə müzakirə başladı. Hərə öz bildiyi kimi, bu hadisəni törədənləri qınadı. O zaman mənim texnikumda "bərk gedən" vaxtlarım idi. Demək olar ki, 1-ci kursdan ictimai işlərdə iştirakım, ədəbiyyat gecələrində aparıcılığım, "Ziya" ədəbi-bədi dərnəyində ən fəal üzv olmağım, cızmaqara olsa da ara-sıra şeir yazmağım, məni texnikumda az-çox söz sahibi etmişdi.
Qınayanlar arasında hələ ki mənə söz çatmadığından gözləyirdim. Birdən Hacı dayı ağır-ağır - eh, Fatma bacı, bütün bunların günahı zəmanədədir, zəmanə korlanıb - deyə, bufetdəkilərin qınaqlarına son nöqtə qoyurmuş kimi dilləndi. Hamı bir anlıq yenə susdu.
"Hacı dayı, əgər insanlar vicdansız olublarsa, buna zaman neyləsin?" - deyə, bu dəfə mən dilləndim. Yenidən gərgin müzakirə başladı. Qolumdakı qara elektron saatı göstərib - "Hacı dayı, baxın, bu zaman ölçüsü olan saatın özünü də insan ixtira edib. Zamanı insanlar yaradıb. Baxın, əgər zaman günahkardırsa, demək ona bu əmma mütləq insandan keçib" - dedim. Hacı dayı xeyli duruxdu. Nə fikirləşdisə yenə məni inandırmağa başladı. Amma o, nə illah elədisə məni fikrimdən daşındıra bilmədi.
Mülki müdafiə idarəsinin işçilərindən biri də Hacı dayıya tərəf baxıb - "Hacı kişi, uşaq düz deyirdənə, oğurruğ eliyənə zaman nağayrsın? Mən saba gedim camaatın qəbrin eşim-töküm, dişin-başın çıxardım ki, mıa zaman günahkardıı? Töbə uşaq düz deir, bırda zamannığ bi şey yoxdı" (Ləhcə, Əli Bayramlınındı). Hacı dayı isə, "nə isə bu, siz bilən şey deyil" - deyib, bufetdən çıxdı.
Bu müzakirədən bir il sonra mən hərbi xidmətə getdim. Amma "Goreşənlər" hər dəfə yadıma düşəndə, "Hacı dayı haqlı idi, yoxsa mən?" - deyə, düşünürdüm. Məntiqim məni inadımdan döndərə bilmirdi. Nə qədər götür-qoy etsəm də, elə hey öz fikrimdə qalırdım, Hacı dayı ilə razılaşa bilmirdim. Nəhayət, "Goreşənlər"dən 3 il sonra 1990-cı ildə hərbi xidmətdəykən, "Zaman neyləsin" adlı şeirimi yazıb Saatlı rayon "Dönüş" qəzetinə göndərdim. Doğmalardan mənə gələn məktublarda, hamının bu şeiri bəyəndiyi yazılırdı...
P.S. Düzü hələ də tərəddüd içindəyəm, görəsən doğrudanmı baş verən hər türlü olaylara - oğurluğa, rüşvətxorluğa, nanəcibliyə, biganəliyə, yaltaqlığa, qorxaqlığa, çoxüzlüyə görə insan, yoxsa zaman günahkardır?
Zaman neyləsin?
Günah zamandadır - dedi bir qoca
Yox! - dedim, bilmədi o, nə söyləsin.
Bir də ki siz deyin naşı əllərdə,
Ölən muğamlara kaman neyləsin!?
Beləcə köklənib ömrümüz nəsə,
Dolayı yollarla gedirik kəsə.
Beli bükülübsə, tavan köhnəsə,
Dolu bir yağışdan daman neyləsin!?
Çeşməli dağlara çən yetirənə,
Sevincin yerinə qəm bitirənə,
Hiyləylə altından su keçirənə,
O quru, günahsız saman neyləsin!?
Şər atma günümə, anıma, baba,
Özünü gücsüzlə sınama, baba,
Gəl bir də zamanı qınama, baba,
İnsan əməlinə zaman neyləsin?
Mübariz Əhmədli, Vladivostok, "N" hərbi hissəsi, dənizçi










