Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası dövründə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin müzakirələri nəzərdə tutulur.
7News.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı adıçəkilən komitənin yanvarın 31-də keçirilən ilk iclasında məlumat verib.
Komitə sədrinin sözlərinə görə, adıçəkilən sənədin müzakirələri hələ 2017-ci ilin payız və 2018-ci ilin yaz sessiyalarında nəzərdə tutulsa da, müəyyən səbəblərdən baş tutmayıb:
"Bildiyiniz kimi, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyində həm rəhbərlik, həm kadr, həm də struktur dəyişiklikləri baş verdi. Odur ki, sənədin üzərində yenidən işlər davam etdirildi. Məndə olan məlumata görə, sənəd artıq müzakirələrə hazırdır və bu baxımdan, onun yaz sessiyasında müzakirələri baş tuta bilər”.
Komitə sədri "Meliorasiya və irriqasiya haqqında” qanunla bağlı müəyyən yeniliklərin gözlənildiyini bildirib.
O qeyd edib ki, hazırda belə bir qanun mövcuddur, amma onun yenilənməsinə, təzələnməsinə ehtiyac yaranıb:
"Odur ki, yaz sessiyasında həmin qanunla bağlı dəyişiklikləri özündə ehtiva edən qanun layihəsinin müzakirələrə təqdim edilməsi və qəbulu gözlənilir”.
7News.Az








