RU
“Biz məqsədlərə çatdıqca məqsədlər böyüyür” – MÜSAHİBƏ
10:21
1664

“Biz məqsədlərə çatdıqca məqsədlər böyüyür” – MÜSAHİBƏ

"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramovun müsahibəsini təqdim edirik.

Rəşad Bayramov: Təhsilimizi gələcəyimizə və gələcəyimizi təhsilimizə bağlayaraq "Mənim Təhsilim, Mənim Gələcəyim!” deyirik.

"Mənim Təhsilim, Mənim Gələcəyim” kampaniyası gənclərə nə kimi kömək edir?

Kampaniya fəaliyyətə başladığı ilk gündən etibarən fəaliyyəti yeniyetmə və gənclərin maarifləndirilməsinə dəstək olmaqdır. Məhz bu səbəbdən də, bu günə kimi həyata keçirilmiş və gələcəkdə də təşkil olunacaq layihələr əsasən yeniyetmə və gəncləri əhatə edir. Bu fəaliyyət çərçivəsində baş tutmuş layihələr müxtəlif mövzularda olsa da, onların bir ümumi cəhəti vardır ki, o da maarifləndirmədir. Bu layihələrdə iştirak edən gənclər yeni biliklər əldə etməklə yanaşı, həmçinin, onlar şəxsi inkişafla bağlı olan suallara da cavab tapa bilirlər. Çox sevindirici hal isə, bu layihələrin əksəriyyətində daha çox gənc qızların iştirakıdır. Təkcə bu il çərçivəsində kampaniyanın təşkilatıçılığı ilə reallaşan layihələrin demək olar ki, hamısında zərif cinsin nümayəndələri üstünlük təşkil edib.
Kampaniya bu layihələri icra etməklə, həm də, gənclərin asudə vaxtlarının daha səmərəli keçirilməsinə kömək edir. Nəzərə alsaq ki, gənclərin əsas hissəsini tələbələr təşkil edir və onların asudə vaxtları daha çox şənbə və bazar günlərinə təsadüf edir. Bu səbəbdən biz də, layihələrimiz çərçivəsində keçirilən təlim, seminar və tədbirlərimizi məhz həftə sonlarına uyğunlaşdırırıq. Gənclər həftə sonlarında keçirilən belə layihələrdə aktiv iştirak edir. Deməli, gənclər üzərlərinə düşən sosial məsuliyyəti anlayır, zamanlarından səmərəli istifadə etməyə çalışır və addımlarını atırlar. Bu addımlar isə gələcəkdəki uğurların əsasını qoyan ilk addımlardır.

Kampaniya maarifləndirmə və təhsil kampaniyasıdır. Bəs digər sahələr üzrə layihələr həyata keçirilirmi?

"Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası ictimaiyyətdə təhsil və maarifləndirmə kampaniyası kimi tanınır. Əksər layihələrimiz bu iki istiqamətdə reallaşır. Bu istiqamətləri əsas tutaraq, digər sahələrdə də, layihələr təşkil olunur. Bu il ərzində baş tutan layihələrimiz bir-birindən fərqli olmaqla, müxtəlif sahələri əhatə edib. Beləki, üç ay ərzində icra olunan "Tələbə Diplomatlar Məktəbi” diplomatiya və beynəlxalq münasibətlərə marağı olan və bu ixtisaslarda təhsil alan gəncləri öz ətrafında toplamışdır. Bundan başqa, "Uğur Akademiyası” layihəsi çərçivəsində keçirilən silsilə təlimlərdə şəxsi inkişaf, motivasiya, ictimai fəaliyyət, məqsədlər, CV-lərin hazırlanması mövzularında tələbələr qeyri-formal təhsil qazanıblar. İnternet əsrində yaşadığımız üçün gənclərə "Rəqəmsal Marketinq” ilə bağlı seminar və təqdimatımız olub. Media ilə bağlı "Multimedia Məktəbi” adlı layihə çərçivəsində televiziya, radio, qəzet və onlayn media sahəsində çalışan peşəkarlar tərəfindən seminarlar verildi. Həmçinin, gənclərin daha çox marağına səbəb olan digər bir mövzu isə xaricdə təhsillə bağlıdır. Bunu diqqət mərkəzindən kənarda qoymadıq və bu mövzu ilə bağlı "study X change” çıxışlarını reallaşdırdıq. Layihə çərçivəsində xaricdə təhsil almış gənclər, həmin gənclərə öz təcrübələrini paylaşdılar. Kampaniya uşaqlar üçün "Child LOVE” layihəsini icra edib. Çalışırıq ki, fəaliyyət istiqamətlərimizi genişləndirək. Biz, bütün maarifləndirici layihələrə öz dəstəyimizi veririk.

Kampaniya təhsillə gələcəyi necə əlaqələndirir?

Təhsil uğurlu gələcəyin ən etibarlı vasitələrindən biridir. Təhsilli gənc, həm də uğurlu gələcəyin gəncidir. Gələcəkdə uğurlu olmaq üçün, bu gün bunun əsasını qoymalıyıq. Təhsil təkcə orta və ya ali məktəbdə oxuduğumuz kitablarla kifayətlənmir. Bir insan o zaman uğurlu təhsil almış hesab olunur ki, həmin şəxs bu kitablardan əlavə kitablar oxuyur, özünü inkişaf etdirir, ictimai fəallıq göstərir. Hər bir iştirak edilmiş təlim, seminar, layihələr və qazandığımız yeni biliklər təhsil səviyyəmizdə də özünü büruzə verir. Kampaniya olaraq, bizlər də, bu səbəbdən həyata keçirdiyimiz layihələrdə iştirakçılar yeni məlumatlar və təcrübələr əldə edə bilirlər. Deməli, onların təhsili yüksəlir. Biz uğurlu gələcəyə öz töhvəmizi verməliyik. Təhsilimizi yüksəltməliyik.

Kampaniyanın fəaliyyəti çərçivəsində bir çox uğurlu layihələr həyata keçirilib. Bəs sizin üçün uğurlu layihələr hansı olub?

Bu illər ərzində fərqli layihələr reallaşdırmışıq. Layihələrimiz müxtəlif mövzuları və yaş qruplarını əhatə edib. Layihələr həm paytaxt Bakıda, həm də regionlarda baş tutub. Bunu qürurla deyə bilərəm ki, həyata keçirdiyimiz bütün layihələr uğurlu olub. Layihələrimizdə iştirak edənlərin sayının artması və əhatəmizin genişlənməsi bizim uğur göstəricimizdir. Həmçinin, müxtəlif media qurumlarında layihələrimiz işıqlandırılıb. Media həmişə bizim yanımızdadır.
İcra etdiyimiz layihələr çərçivəsində fəaliyyətin regionlarda olanı mənim üçün uğurlu olanlardır. Kampaniyanın ilk həyata keçirdiyi "Mənim Təhsilim, Mənim Gələcəyim!” layihəsidir. Layihə erkən nigahlara təhrik edilməyə qarşı idi. Zeynalabdin Tağıyevin dediyi "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə...” fikir bizim şüarımız oldu. Biz, məhz bu layihə ilə öz məqsədimizi bütün ölkəyə bildirdik. Həm də, layihə çərçivəsində bir sıra regionlarda görüşlər təşkil olunmaqla, onlara təhsilin əhəmiyyətini vurğuladıq. Yəni, proses başladı.

Kampaniya qarşıya qoyulan məqsədlərə nail ola bilibmi?

Biz məqsədlərə çatdıqca məqsədlər böyüyür. Kampaniya yarandığı ilk gündən, icra etdiyi və əməkdaşlıq etdiyi bütün layihələr vasitəsilə kütləviləşməyi məqsəd qoydu. Bunu bacardıq. Yeniyetmə və gənclərin maariflənməsi üçün atdığımız addımlar bizi təhsil istiqamətinə yönləndirdi. Təhsilə bağlılığmız isə kampaniyanın adında ifadə olunub. Təhsilimizi gələcəyimizə və gələcəyimizi təhsilimizə bağlayaraq "Mənim Təhsilim, Mənim Gələcəyim!” deyirik.

 

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ