RU
`Biz öz gücümüzə arxalanmalıyıq`
10:01
1438

`Biz öz gücümüzə arxalanmalıyıq`

“Prezidentin sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət Proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək məcburi köçkünlərin sosial-məişət şəraitlərini yaxşılaşdırımaq məqsədilə müxtəlif ərazilərdə bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbə salınmış və bu qəsəbələrə 243 min məcburi köçkün köçürülüb”.

7News.Az xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Əli Həsənov: “Bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir! Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir” - deyə, əlavə edib.

Aprel hadisələrinə toxunan Baş nazirin müavini Əli Həsənov bildirdi ki, Ermənistanın silahlı qüvvələri bizim ərazilərimizə silahlı hücum təşkil edib və mülki əhaliyə ciddi ziyan vurubar: “Ancaq qüdrətli Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. 

Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Hesab edirəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Son bir-iki ay ərzində danışıqlar prosesində böyük fəallıq var. ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəhbərləri də bu məsələdə fəallıq nümayiş etdirirlər. Ancaq keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər”.

Baş nazirin müavini Əli Həsənov eyni zamanda qardaş Türkiyə Cumhuriyyətində baş vermiş son hadisələrə də toxunmuş və bildirib ki, Azərbaycan dövləti və ictimaiyyəti bu hadisələrdən böyük narahatçılıq keçirib, və ölkə Prezidenti cənab İlham Əliyev bu dəfə də Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ