Müsahib ARB TV-nin Strateji İnkişaf və Media direktoru İsmayıl Həsənovdur.
- İlk öncə, müsahibə üçün təşəkkür edirəm. Digər sahələrdə olduğu kimi, bu sahədə də inkişaf prosesi davam edir. Əlbəttə, dünənlə bu gün arasında müsbət fərqlər var, uğurlarla yanaşı, müəyyən problemlər və çatışmazlıqlar da mövcuddur. Belə deyək, inkişaf daha sürətli gedə, bu gün üçün televiziyalarımız daha böyük auditoriya qazana bilərdi.
- Hazırda televiziyalarımızda başlıca problemlər nələrdir?
- Cəmiyyətin televiziyadan gözləntiləri bir qədər çoxdur. Əslində isə bütün dünyada televiziyaların yayımı auditoriyanın informasiya və əyləncəyə olan təlabatını ödəməyə hesablanır. Televiziyaları cəmiyyətdə olan bütün çatışmazlıqların həlledicisi rolunda görmək məncə yanlışdır. Bu sovet ideologiyasının formalaşdırdığı təfəkkürdür. Məsələn "gənclər kitab oxumur”, "teatra, sənətə diqqət azalıb”, "böyük-kiçiyə hörmət istənilən səviyyədə deyil”, "təhsildən yayınmalar var”, kimi fikirləri söyləyənlər, bütün bu məsələlərin müsbət həllini televiziyaların maarifləndirici missiyasında axtarırlar. Bəli, televiziyaların maarifləndirmək kimi bir funksiyası var, sadəcə bunu əldə bayraq tutaraq hər məsələdə teleyayımçıları günahlandırmaq olmaz. Özəlliklə kommersiya əsasları ilə fəaliyyət göstərən kanallardan efir torunu başdan sona yuxarıda qeyd olunan fikirlər əsasında qurmasını gözləmək doğru deyil.
- ARB brendi altında regionlarda da kanallarınız fəaliyyət göstərir. Həmin kanalların kollektivi necə formalaşdırılır?
- "ARB Media Qrup” Qafqazın ən böyük media tərəfdaşlıq layihəsidir. Layihədə bir ümumrespublika, beş regional yayımçı, üç tematik kanal və bir regional radio təmsil olunur. Regional yayımçıların heyəti həm paytaxtdan gedən insanlardan, həm yerli sakinlərdən, həm də yaxın rayonlardan gələn kadrlardan formalaşır.

- Sentyabr ayında rebrendinq etdiniz. Rebrendinq zərurəti nədən yarandı? Bəlkə "Region TV” adını əvəzləmək rayon kanalı imicini dəyişmək üçün idi?
- 2014-cü ildə "Region TV” ümumrespublika yayımçı statusu qazandı və fəaliyyətə başladı. Brendin yenilənmə zərurəti bir neçə səbəbdən irəli gəldi. Biz bu mövsüm efir torumuzu, konsepsiyamızı yeniləmək qərarına gəlmişdik. Düşündük ki, konsepsiyamızı yeniləyiriksə, daha böyük auditoriyaya hesablanmış efir qururuqsa, adımızı da dəyişək. Həmçinin qeyd etdiyiniz kimi, "Region TV” adını eşidəndə soruşulurdu ki, hansı rayonda yayımlanırsınız? Ad dəyişikliyinin səbəbləri arasında bu nüans ilk yerdə olmasa da, brend yeniləmək üçün bu məqamın da təsiri oldu.
- Sizcə, rebrendinqiniz uğurlu alındımı?
- Bəli, uğurlu alındı. Gözləntilərimizdən daha artıq nəticəyə nail ola bildik. Biz sırf tamaşaçı üçün işləyirik, zövqlər də, intellekt də müxtəlifdir. Hər kəsin zövqünü oxşaya bilmək əlbəttə çətindir, buna baxmayaraq, brend yeniləmədən sonra tamaşaşı auditoriyamız 3 dəfə artıb. Şəxsi müşahidələrimiz, peşəkarların söylədikləri fikirlər, tamaşaçılardan gələn zənglər, məktublar, sosial şəbəkələr və internet media resurslarından aldığımız müsbət reaksiyalar bunu deməyə əsas verir. Önəmli olan odur ki, yerimizi sağlamlaşdırdıq. Əlbəttə yerimizdə dayanmaq kimi bir fikrimiz yoxdur, qarşıda bizi daha böyük hədəflər gözləyir. ARB-nin bu gün qazandığı, gələcəkdə əldə edəcəyi bütün uğurların arxasında, məhz kanal rəhbərinin apardığı uğurlu kadr siyasəti, keyfiyyətli menecment işi və yaratdığı münbit yaradıcılıq mühiti dayanır.
- Yeni layihələr gözlənilirmi?
- Əvvəla qeyd edim ki, bu mövsüm başladığımız layihələrin hamısı uğurlu alındı və hər birinin geniş auditoriyası var. Bizim hədəflərimiz bir mövsümə deyil, daha uzun müddətə hesablanıb. Bir neçə böyük layihə üzərində çalışırıq, sentyabr ayında - yeni televiziya mövsümündə çox böyük layihələrimizin olacağını dəqiq və iddialı şəkildə deyə bilərəm.
- Hansısa dünyaca məşhur bir layihəni, formatı ARB-də görə biləcəyikmi?
- Həmin layihələrdən bir neçəsi ölkəmizə gətirilib. Uğur qazananları da oldu, qazana bilməyənləri də. Xaricdən gətirilən lisenziyalı layihələrdə, proqramın yayım hüququnu aldığınız şirkət formatdan bir o qədər də çıxmamağı tələb edir. Amma mən düşünürəm ki, ölkənin mentalitetini, ictimaiyyətin nə istədiyini öyrənmək, layihələri bizə, bizim cəmiyyətə uyğunlaşdırmaq lazmdır. Əgər bunu etməyə imkan vermirlərsə, bu zaman bəzi problemlər yaranır. Həm də o layihələrin lisenziyası və birəbir tətbiqi çox baha başa gəlir. Bu mövsüm üçün belə planımız yoxdur. Gələcək üçün isə niyə də olmasın? Yeni mövsümə çox iddialı şəkildə qədəm qoyacağımızı bir daha qeyd etmək istəyirəm.
- Yəqin ki, gözünüzün tutduğu hansısa xarici layihə var..
- Bəli, ARB-də görmək istədiyim bir neçə xarici layihə var.
- Hansılardır?
- Televiziyanın yaradıcı mühit olduğunu, bu işdə ideyanın əsas nüvə hesab edildiyini nəzərə alaraq, indi açıqlamamağı məqbul hesab edirəm.
- Tamaşaçılarımızın yerli telekanallardan çox Türkiyə və Rusiya telekanallarını izlədiyi sirr deyil. Ümumiyyətlə, xarici kanallara baxan tamaşaçını yenidən geri qaytarmaq mümkündürmü?
- Dörd-beş il əvvəl siz dediyiniz tendensiya daha geniş yayılmışdı. İlk növbədə, tamaşaçının xarici kanallarda nəyə baxdığına diqqət etmək lazımdır. Bunu müşahidə etdikdə görürürük ki, tamaşaçı o kanallarda əsasən seiallara və böyük şou verilişlərə baxır. Belə deyək, bizim tamaşaçı bizim efirimizdən "küsərək” gedib BBC-dəki hansısa sənədli filmə baxmır. İnformasiyanı da yerli media resurslarından alır. Uduzduğumuz məqam məhz televiziyanın əyləncəli məhsul təqdimatındadır. Biz bu seqmentdə yaxşı proqram verə bilmədikdə, əlbəttə tamaşaçı bunu xarici kanallarda axtaracaq. Tamaşaçını qaytarmağın bir yolu var - keyfiyyətli məhsul təqdim etmək. Belə olan halda bizim tamaşaçı tam olaraq bizə baxacaq.

- Azərbaycan telekanalları can atırlar ki, saytlar, portallar onların informasiya dəstəkçisi olsunlar. Amma dünyada belə hala rast gəlinmir. Əslində, ən böyük informasiya təminatçısı televiziyanın özüdür.
- Bunun nəyi pisdir ki? Bizim olmayan auditoriyaya bizi göstərirsiniz, biz də sizin olmayan auditoriya üçün sizi göstəririk. Qürurla deyə bilərəm ki, internet media ilə televiziyanın dostluğunun təməlini vaxtilə "Region TV” olaraq qoyduq. Yəqin mənimlə razılaşarsınız ki, o zamana qədər bu iki media resursu arasında uçurum var idi. O ki qaldı auditoriyaya, bu gün televiziya dünyada ən böyük məhsul istehsalçısıdır. Siz bu gün on dəqiqəlik video hazırlaya bilərsiniz, amma televiziya daha böyük miqyaslı video məhsul istehsal edir. Bu gün hansısa saytda bir xəbər 10.000 dəfə oxunursa, bu sayt üçün yüksək göstərici hesab edilir, təkcə bizim kanalda isə bir xəbər buraxılışına azı 200.000 insan baxır. Elə tək bu nüans televiziyanın auditoriyasının daha geniş olduğunu göstərir. Amma operativlik baxımından, əlbəttə internet media bizi qabaqlayır.
- Serial seqmentinin yerli bazarda inkişaf tendensiyasını necə qiymətləndirirsiniz? Sizcə, dövlətin seriallara ayırdığı vəsaitin bu sahənin inkişafında gözlə görüləcək rolu oldumu?
- Kifayət qədər rolu oldu. Bu gün on nəfər yerli seriala baxıram deyirsə, bunun doqquzu o vəsaitlərlə çəkilən seriallardan sonra baxmağa başladı. Artıq prodakşnlar öz filmlərini istehsal edirlər və sonda qazanan Azərbaycan televiziyası və filmi olur.
- Bəzi telekanallarımızda mahnı, meyxana, el dili ilə desək "toyxana” yarışları keçirilir. Yəqin ki, bunlar reytinq üçündür. Belə məsələlərə münasibətiniz necədir? Ümumiyyətlə, gələcəkdə reytinq xatirinə bu tip veriliş açmağı planlaşdırırsınızmı?
- Zaman-zaman o tipli verilişlərə iradlar bildirilir. Bizə bayağı görünən, toyxana təəssüratı bağışlayan veriliş, kimin üçünsə maraqlıdır. Əlbəttə reytinq, baxımlılıq, böyük tamaşaçı auditoriyyası bir kommersiya kanalı üçün vacib amildir, amma hər şey demək deyil.
- Sualı konkretləşdirirəm. "Space” telekanalında Mikayılın apardığı "Sevimli şou"nun, "Sevimli mahnı"nın bayağı olduğunu düşünürsünüz?
- Mən o verilişin tamaşaçısı olmasam da, o proqramın öz tamaşaçı kütləsi var. O verilişi izləyən tanıdıqlarım da az deyil. Peşəkar gözüylə baxsaq, əlbəttə ki efir qaydalarına riayət etmək lazımdır. Onunla da razıyam ki, efir toyxana səhnəsi deyil, amma efir klassik əsər səhnəsi də deyil. Bəzən estetika arxası ilə qaçırıq, sonra da deyirik ki, bizə niyə baxmırlar. Efir estetikası ilə tamaşaçı zövqünün ortaq nöqtəsini tapmalıyıq.

- Sizin də telekanalda "Ferma” adlı qalmaqallı verilişiniz var. O verilişdəki davalar da xeyli müzakirə edildi. Bu tipli verilişlərin cəmiyyətimiz üçün hər hansı müsbət tərəfi varmı?
- Pis bilirsiniz nədir? Xaricdəki layihəni bəyənirlər, eynisini biz edəndə tənqid atəşinə tutuluruq. O verilişin başqa bir formatını "Acun media" həyata keçirirdi. Amma bu o layihə deyil, oxşardır. Hərdən deyirlər ki, o verilişdə köhnəlik var. Məgər kənd həyatı qlamur olmalıdır? Tavandan bahalı çilçıraqlar asılmalıdır? O verilişin özünəməxsus formatı var və geniş auditoriyaya malikdir.
- Bu, telekanal üçün yaxşıdır. Bəs cəmiyyət üçün?
- Bəzən biz saytlarında manşetlərini qalmaqallı xəbərlərin bəzədiyini görürük. Bəs bunun cəmiyyət üçün hansı xeyirli tərəfləri var? Bəzən biz ümumi cəmiyyət adından danışmağı sevirik. Nəzərə alaq ki, cəmiyyəti fərdlər formalaşdırır, kiməsə görə maraqlı və xeyirli hesab olunan bir şey, başqası üçün qəbuledilməzdir və ya əksinə. Bir proqram, hər xəbər hamı üçün maraqlı və əhəmiyyətli ola bilməz.
- Televiziya cəmiyyəti maarifləndirməlidirmi?
- Bəzən deyirlər ki, kommersiya qurumunun cəmiyyəti mütləq maarifləndirmək kimi bir borcu yoxdur. Bu fikrə doğru baxmırıqsa əgər, televiziyanın birbaşa işi yalnız maarafləndirməkdən ibrətdir məqamını da mütləq vurğulamamalıyıq. Hər şey tamaşaçının seçimindən asılıdır. Əgər bir insan maariflənmək istəyirsə, bunun üçün televiziyadan daha çox töhfə verə biləcək alternativlərin də mövcud olduğunu qeyd etmək lazımdır.
- Bu il ARB-yə bir sıra tanınmış simalar transfer olundu. Ən uğurlu transferiniz kimi hesab edirsiniz? Subyektiv fikrinizi bilmək istəyirəm.
- Bütün transferlərimizi uğurlu hesab edirəm. Bəzən deyirlər ki, bir insan bir yerdə qazandığı uğuru, növbəti qurumda qazana bilmir. Bizim transferlər bunun əksini sübut edə bildi. Bu məqamda onların potensialları ilə yanaşı, telekanalımızın da onlara yaratdığı uyğun şərait müsbət rol oynadı.

- ARB şəbəkəsinə daxil olan və ən çox izlənən kanallarınızdan biri "ARB Günəş” kanalıdır. Amma burada daha çox xarici cizgi filmləri efirə verilir. Gələcəkdə uşaq filmləri, cizgi filmləri istehsalını nəzərdə tutursunuzmu?
- Cizgi filmi istehsalı xüsusi bir peşə sahəsidir, bu məhsulların hazırlanmasına kifayət qədər yüksək vəsait, zaman və xüsusi peşəkar kadrlar lazımdır. Buna isə bizim nə maddi-texniki bazamız, nədə ki, maliyyə imkanlarımız şərait yaratmır. Sovet dövrü daxil olmaqla, bu sahədə yerli istehsalımız barmaqla sayıla biləcək qədərdir. Bu çətin işi yalnız televiziyalardan gözləmək doğru deyil.
- Son dövrlər bir sıra telekanallarda maliyyə problemlərin yarandığıyla bağlı xəbərlər dərc edildi, bəzilərində ixtisarlar oldu. ARB haqda da oxşar xəbər yazılmışdı. Maliyyə probleminiz varmı? İxtisarlar gözlənilirmi?
- Əvvəla qeyd edim ki, brend yeniləmədən sonra başladığımız layihələrin hamısı uğurlu alınıb və onları davam etdirmək fikrindəyik. Komandamızı və iş prinsiplərimizi yeni efir konsepsiyamıza uyğunlaşdırmaq üçün isə struktur daxilində müəyyən islahatlar aparmağı düşünürük. Aparılan yenilənmə işləri çərçivəsində, kadr islahatlarının da olacağı labüddür və ixtisarlar bu konteksdə anlaşılmalıdır. Televiziyanı canlı bir orqanizm kimi qəbul etmək mütləqdir, bir veriliş bağlanar, digəri açılar, bir əməkdaş yola salınar, digəri qəbul olunar.
- Reytinqiniz nə yerdədir? Ümumumrespublika kanallarıyla rəqabətə dözə bilirsinizmi?
- Söhbət televiziya auditoriyasının ölçümündən gedirsə, indiyə qədər reytinq sistemində yox idik və bunun də bizdən asılı olmayan, obyektiv səbəbləri var idi. Biz yalnız rəqəmsal yayımlanırdıq, digər kanallar isə həm rəqəmsal, həm analoq yayımda var idilər. Ötən ilin dekabrında ölkəmizdə analoq yayım tam olaraq söndürüldü. Yəqin ki, qarşıdakı aylarda reytinqimizi biləcəyik.
- Belə bir söhbət var idi ki, ARB fəaliyyəti dayandırılmış ANS TV-nin yerində fəaliyyət göstərir. ANS-in bəzi simalarını transfer edəndən sonra bu fikir daha da möhkəmləndi.
- "Region TV”nin lisenziyası və yayımı, ANS efirdə olan vaxtlarda da var idi. ARB yeni açılan kanal deyil, sadəcə olaraq, adımızı dəyişməyimiz, ANS-in lisenziyasının ləğv olunma vaxtı ilə haradasa üst-üstə düşdü. Transferlərə gəlincə, digər kanallardan da transferlər etmişik. Əgər uğurlu əməkdaş varsa, hansısa səbəbdən işini itiribsə, niyə də komandamıza qoşmayaq?
- "Region TV” və ARB-də işləmiş məsul şəxs kimi, bu iki dövr arasında nə kimi fərq görürsünüz?
- Televiziya vizual işdir. Tamaşaçı ilk olarq görüntüyə baxır. Birinci növbədə efir dizaynımız dəyişildi. Konsepsiyamız yetmiş faiz yeniləndi, daha geniş auditoriyaya hesablandı. Açıq deyəcəm, əvvəl tematik regional kanal formatındaydıq, verilişlərimiz də ona uyğun idi. "Region TV” ilə ARB fərqli kanallardır. Belə deyək, biz qısa müddətdə yeni bir televiziya qura bildik.//ölkə.az
7News.az







