BMT İnkişaf Proqramı (BMTİP) "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqi ilə bağlı münasibətini açıqlayıb.
BMT-nin Bakı ofisindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, BMTİP Rezident Nümayəndəsi Qulam İshaqzai qarşıdakı 5 il ərzində hökumətlə əməkdaşlığın gücləcəyini deyib. "Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ümumiyyətlə ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP və hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik və eko-sistemin idarə edilməsində Qlobal Ekologiya Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam edəcəkdir”, - açıqlamada qeyd olunur.
Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planının həyata keçirilməsindən bəri Azərbaycanda qorunan ərazilərin sahəsi 5 faizdən 11.3 faizə, meşə örtüyü sahəsi isə 11.4 faizdən 12.1 faizə qədər artıb. Ölkədə artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park da yaradılmaqdadır.
Azərbaycan hökuməti bu ikinci Milli Strategiyanı BMTİP yaxın tərəfdaşlıq çərçivəsində iki ilə hazırlamışdır. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi və mühafizəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və bu sahədə cəmiyyətin maarifləndirilməsi və s. təşkil edir.
Qulam İshaqzaiyə görə, "Milli Bioloji müxtəlifliyə dair Strategiya Azərbaycan Hökumətinə ölkədə suda (DİM 14) və quruda həyat (DİM 15) üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu hədəf ilinədək uğurla həyata keçirməsində dəstək verəcək.
Təsdiq edilmiş Milli Strategiya Bioloji Müxtəliflik üzrə Konvensiya ilə sıx bağlıdır. Bu konvensiya dünya ictimaiyyətinin dayanıqlı inkişafa olan öhdəliyi nəticəsində hazırlanıb. Bioloji Müxtəliflik üzrə Konvensiya 5 iyun, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransında (Rio "Yer Sammiti”) imza üçün təqdim edilib. Sənəd 168 üzv ölkə imzası ilə 4 iyun 1993-cü ildə qəbul edilmişdir. Azərbaycan isə 2000-ci ilin martında bu konvensiyaya qoşulub. Konvensiya bütün üzv ölkələrdən mütəmadi Milli Hesabatlar və Milli Fəaliyyət Planı tələb edir.
BMTİP insan rifahına və onların inkişaf səylərinə vacib olan bio-müxtəlifliyin qorunması və dayanıqlı istifadəsində və ekosistem xidmətlərinin göstərilməsində Azərbaycan da daxil olmaqla, 140-dan çox ölkəyə kömək edir. BMTİP üzv ölkələri konvensiya qarşısındakı öhdəliklərini yerinə yetirməkdə dəstəkləyir.
7News.az








