Böyük Britaniyada lotereya qalibi ona düşən 10.6 milyon funt-sterlinq (təxminən 14 milyon dollar) məbləğində uduşu vaxtında götürmədiyi üçün uduş hüququndan məhrum olub.
7News.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə milli lotereyanın operatoru olan "Allwyn" məlumat yayıb.
"Allwyn" şirkətinin baş məsləhətçisi bildirib ki, London yaxınlığındakı Beksli bölgəsindən olan sirli milyonçunu tapmaq üçün genişmiqyaslı axtarışlar aparılsa da, heç bir nəticə əldə olunmayıb: "Təsdiq edə bilərəm ki, bilet sahibi uduşunu götürmək üçün müraciət etmədi və təəssüf ki, həyatını kökündən dəyişə biləcək bu nəhəng məbləği itirdi".
Sözügedən uduş ötən il oktyabrın 4-də keçirilmiş tirajda oynanılıb. Qanunvericiliyə əsasən, qalibin pulu tələb etmək üçün 180 gün vaxtı var idi. Həmin müddət başa çatdığı üçün qaydalara uyğun olaraq, bu vəsait artıq xeyriyyə məqsədlərinə yönəldiləcək.








