RU
BSU-da makedoniyaşünaslığın tədrisinə başlanır
16:26
296

BSU-da makedoniyaşünaslığın tədrisinə başlanır

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Müqəddəs Kirill və Mefodi adına Universitetin rektoru, professor Velimir Stajkovskinin dəvəti ilə Makedoniyaya işgüzar səfər edib.

Universitetdən 7News.az - a bildiriblər ki, səfər çərçivəsində tərəflər BSU-da makedon dili və makedoniyaşünaslığın, Müqəddəs Kirill və Mefodi adına Universitetdə isə Azərbaycan dili və azərbaycanşünaslığın tədrisinə hazırlıq barədə razılıq əldə ediblər. Eyni zamanda perspektiv layihələr müzakirə olunub, əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin təşkili, müştərək elmi vəsaitlərin nəşri, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.

İmzalanma mərasimində Asif Hacıyev Azərbaycanın iqtisadi, sosial-mədəni inkişafı, ölkədə mövcud olan multikultural mühit və bu sahədə aparılan dövlət siyasəti haqqında geniş məlumat verib, ölkəmizin təhsil sistemi, mövcud layihə və proqramlar, o cümlədən Bakı Slavyan Universitetinin fəaliyyətindən söz açıb. A.Hacıyev BSU-nun tarixi, tədris prosesi və kadr hazırlığı, elmi araşdırmalar, burada fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, xarici universitetlərlə əlaqələrindən danışıb.

Velimir Stajkovski ölkəmizin sürətli inkişafına böyük dəyər verdiklərini, slavistika üzrə unikal təhsil müəssisəsi və elm mərkəzlərindən olan BSU-nun fəaliyyətini yüksək qiymətləndirdiklərini, əməkdaşlıqda maraqlı olduqlarını, qarşılıqlı münasibətlərin hər iki tərəf üçün səmərəli olacağına inandığını bildirib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ