7News.az-ın məlumatına görə bu barədə millət vəkili Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsində xüsusi məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzənin müzakirə edilərək səs çoxluğu ilə qəbul edilməsini şərh edərkən deyib.
"Azərbaycan həqiqətləri beynəlxalq aləmdə növbəti siyasi qələbəsini qazandı. Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsində xüsusi məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzənin müzakirə edilərək səs çoxluğu ilə qəbul edilmişdir.
Qətnamə layihəsinin bu cür adlandırılması Ermənistan depuataları tərəfindən kəskin etirazla qarşılanmışdı, hətta məruzəçinin Ermənistana və işğal altında olan əraziyə səfərinə imkan verməmişdilər.
Komitədə müzakirələr zamanı Ermənistan nümayəndələri qətnamənin ləğv edilməsini və gələcəkdə bir daha bu mövzuya qayıdılmaması təklifini irəli sürdülər. Təklifi səsə qoyulsa da 14 səs lehinə, 24 səs isə əleyhinə olmaqla rədd edildi.
Üstəlik Azərbaycan tərəfinin məruzəyə təklif etdiyi üç əhəmiyyətli düzəliş komitə üzvləri tərəfindən səsə qoyularaq qəbul edildi.
.
Robert Volterinin məruzəsi AŞPA-nın yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Layihədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və iyirmi ildən artıq müddət ərzində işğal altında saxlanılması öz əksini tapıb. Həmçinin, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr xatırladılır, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.
Qətnamə layihəsində deyilir ki, “Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələr Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmalı və ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyi bərpa edilməlidir”.
Sənəddə həmçinin Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk Qrupunun plenar iclasının keçirilməsinə çağırılır.
Komitə Azərbaycan və Ermənistanı 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız sülh xarakterli vasitələrdən istifadə etmək barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağıraraq, hər iki hökuməti silahlı qüvvələrdən istifadə etməkdən çəkinməyə səsləyir.
Sənəddə məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb.
Qətnamə layihəsi Azərbaycanın mövqeyini tam əks etdirməsə də, ölkəmizin nüfuzu baxımıdan müsbət qiymətləndirmək olar. Çünki, assambleyada Ermənistanı dəstəkləyən qruplar da var. Amma Ermənistan indiyə qədər öz xeyrinə qətnamələrin qəbul olunmasına nail ola bilmir".
Azərbaycanın regiona iqtisadi və siyasi təsirləri Avropa dairələrini ölkəmizlə bağlı ədalətli qətnamələr qəbul etməsinə vadar edir: Bütün beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qətnamələrində ərazi bütövlüyümüzün pozulduğunu göstərir. Bundan sonra da Azərbaycanla bağlı belə qərarəların qəbul olunmasını görə bilərik."
7News.az








