"Azərbaycan prezidentinin İran səfəri ərəfəsində Tehranın təbii qazı Gürcüstana Ermənistan üzərindən satacağını açıqlaması birmənalı şəkildə xəyanət kimi dəyərləndirilməlidir". Bu fikirləri SİA-ya ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Gürcüstan və İran arasında Ermənistan vasitəsilə qaz nəqlinə dair razılaşmaya Rusiyanın razılıq verməsi məsələsinı münasibət bildirərkən deyib.
Azər Verdiyev bildirib ki, izolyasiyada olan işğalçı ölkənin tranzit ölkə rolu güclənir, ona indi Tiflis də “nəfəs verəcək”: "Qonşu Gürcüstanla cənub qonşumuz İran arasında Azərbaycanın da maraqlarına toxunan qaz anlaşması baş tutmaq üzrədir. Bu anlaşma çərçivəsində İran Gürcüstana ildə 200 milyon kubmetr qaz satacağını bəyan edib. Belə bir ilkin razılaşmanın Gürcüstanın energetika naziri Kaxa Kaladzenin fevralın 16-da Tehrana səfəri zamanı əldə olunduğu bildirilir. Razılaşmanı İranın Milli Qaz İxrac Şirkəti NİGEC-in prezidenti Əlirza Kameli gürcü nazirlə İranın neft naziri Namdar Zəncani arşında danışıqlardan sonra açıqlayıb. Kameli İran qazının Gürcüstana Ermənistan üzərindən nəql olunacağını da bildirib. Tehran və Tiflis 200 milyon İran qazının bu Qafqaz dövlətinə ixracına dair danışıqlar aparır.
Onun sözlərinə görə, Gürcüstanın qaz tranzitinə dair hələ Ermənistandan (əslində Rusiyadan) icazə almalı olduğu deyilir: “Əgər sövdələşmənin iqtisadi tərəfi məqbul olarsa, daha sonra Gürcüstana qaz təchizatına dair uzunmüddətli və ortamüddətli müqavilə bağlanacaq. Hazırda Gürcüstanın qaz istehlakının 88%-i Azərbaycanın hesabına həyata keçirilir. 12 faiz isə Rusiyadan Ermənistana ötürülən mavi yanacağın tranzitinə görə verilən kompensasiya əvəzidir. Bu, həm də o anlama gəlir ki, Azərbaycanın strateji tərəfdaşı sayılan Gürcüstan da işğalçı ölkəyə daim “nəfəslik” rolunda olmuş İranla birgə Ermənistana təcriddən qurtuluş üçün töhfə verəcək. Bu, təbii ki, Azərbaycanı məmnun etməyəcək. Bir şey dəqiqdir ki, Ermənistanın iştirakı ilə yeni qaz anlaşması yalnız Rusiyanın razılığından sonra mümkün ola bilər. Unutmaq lazım deyil ki, işğalçı ölkənin bütün energetik sferası, nəql marşrutları və kəmərləri “Qazprom-Ermənistan” şirkətinin inhisarındadır.”








