13 il bundan öncə Ulu Öndərimizin vəfat xəbəri barədə televiziya vasitəsilə məlumatlandıqda möhkəm sarsıldım. Çünki o dahi şəxsiyyətin Azərbaycan üçün səmərəli fəaliyyəti haqqında evdə ailəmdən və təhsil aldığım orta məktəbdə müəllimlərimdən çox eşitmişdim. Heydər Əliyevin xalqının ağır durumdan xilası yolunda apardığı mübarizədən xəbərdar idim və elə buna görə də hələ məktəbli çağlarımdan qəlbimdə böyük xilaskarımıza yüksək sevgi yaranmışdır. Böyüdükcə içimdəki sevginin mahiyyətini daha dərindən dərk etməyə başladım. Əlbəttə ki, səbəb Azərbaycanın bugünkü dinamik inkişafı və beynəlxalq nüfuzunun gündən-günə daha da artmasıdır. Gənc yaşda olduğumdan mən bu yazıda məhz Ümummilli Liderimizin təməlçisi olduğu gənclər siyasətinə toxunmağı lazım bildim.
"Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik” – bu dərin məzmunlu fikrin müəllifi olan Ulu Öndərimiz daim sağlam əqidəli, vətənpərvər, bilikli və istedadlı gənclərin irəliyə doğru müsbət addımlar atması üçün geniş imkanlar yaratmışdır. Bu isə Azərbaycan gəncliyinin ümumən inkişafına yol açmışdır. Gənclər Ümummilli Lider Heydər Əliyevin onlara olan böyük inamından stimul almış və öz xalqına töhfələr bəxş etmək üçün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daha aktiv iştirak etməyə başlamışdır. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, ilk Gənclər Forumunun keçirilməsi, "Gənclər günü”nün təsis edilməsi və bu kimi digər məqsədyönlü əməli işlər gəncliyin cəmiyyətin yüksək intellektli qüvvəsi kimi formalaşmasına güclü təkan vermişdir. Müstəqilliyinin yaşı cəmi 25 olan Azərbaycan Respublikasının təhsil, idman, incəsənət və digər vacib sahələr üzrə uğurlar qazanmasında gənclərin böyük əməyi keçmişdir ki, bunun da arxasında birbaşa Ulu Öndərimizin bugünümüz naminə misilsiz xidmətləri dayanır. Odur ki, bu gün Azərbaycan gənci öz ürəyində Heydər Əliyev sevgisini yaşadır.
Biz gənclər sevinirik ki, əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Gənclərin hərtərəfli inkişafı və dövlətin onlardan faydalanması istiqamətində görülən işlər ölkə başçımızın fəaliyyətinin əsasını təşkil edir. Möhtərəm Prezidentimiz tərəfindən bilikli, dövlətini sevən, yüksəl liderlik və idarəçilik qabiliyyətlərinə malik gənclərə böyük etimad göstərilir. Bu isə Ulu Öndərimizə məxsus, yuxarıda qeyd etdiyim "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik” fikrinin adi bir cümlə deyil, aforizm olduğunu bir daha təsdiqləyir. Nəticə isə odur ki, gənclər cənab Prezidentin ətrafında daha sıx birləşir.
Mehti Namazov,
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin fəalı,
İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri
7news.Az








