RU
Bu gün Kəlbəcər işğaldan azad olunur
12:01
761

Bu gün Kəlbəcər işğaldan azad olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

İşğalçı ölkənin bu sənədə qol çəkməsinə və Kəlbəcəri, habelə digər rayonları Azərbaycana qaytarmasına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı müharibədəki uğurlu hərbi əməliyyatlar səbəb olub. Müzəffər ordumuz Ermənistan silahlı qüvvələrinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib, ərazilərimizi işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Rusiya dövlət başçılarının və Ermənistanın baş nazirinin imzaladıqları sazişə əsasən bu gün Kəlbəcər Azərbaycana qaytarılır. Artıq bir neçə gündür ermənilər Kəlbəcəri tərk etməyə başlayıb. Kəlbəcərdə olan əcnəbi jurnalistlər bildirirlər ki, mülki əhalinin demək olar hamısı şəhəri və onun kəndlərini tərk edib. Yerli sakinlərdən bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərə od vurublar. Bununla yanaşı, silah-sursatlarını, hərbi texnikalarını döyüş meydanında qoyub qaçan erməni döyüşçülərdən fərqli olaraq, mülki vətəndaşlar aparılması mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Eyni zamanda işğal olunmuş ərazilərimizdəki maddi-mədəni sərvətlərimizi dağıdır, qarət edirlər. Apara bilmədikləri hər şeyi isə yandırır, məhv edirlər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ