RU
10:09
242

"Bu Makrona beynəlxalq auditoriya qarşısında endirilən tərs şapalaq idi" - DEPUTAT

"Fransa prezidenti Makronun cənab İlham Əliyevə "Nikol Paşinyandan daha çox təzyiq göstərdiyi və göstərəcəyi” haqda son sərsəmləməsinə Azərbaycanda dövlət başçısı səviyyəsində cavab verilməmişdi."
Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib: "Bu gün Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Prezident İlham Əliyevin çıxışında niyə ona ehtiyac duyulmadığına bir növ aydınlıq gətirildi.  
Öncə onu deyək ki, çıxışın hardasa üçdə biri "hələ də iyrənc neokolonializm siyasəti yeridən Fransa”ya həsr olunmuşdu. Siz necə yanaşırsınız bilmirəm, amma mənə görə Azərbaycan Prezidentinin rəsmi Parisi Qəmər adalarının öz torpağı üzərində suverenliyinə, dənizaşırı ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməyə çağırması və bu qəbildən olan digər fikirləri Makronla ölkəsinə beynəlxalq auditoriya qarşısında endirilən tərs şapalaqdır. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində tədbirə Fransanın həmən dənizaşırı icma və ərazilərindən təmsilçilərin dəvət edilməsinin nə demək olduğunu isə yəqin açıqlamağa ehtiyac yoxdur.
Əminəm ki, cənab İlham Əliyevin Makrondan hələ də Paris muzeyində müharibə qənimətləri kimi saxlanılan əlcəzairli azadlıq mücahidlərinin kəllə sümüklərini vətənlərinə göndərilməsini tələb etməsi ən azından ərəb ölkələrində alqışla qarşılanacaq. "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir”,- bu da dövlət başçımızın səsləndirdiyi tələblərdəndir. Azərbaycan Prezidenti ötən həftə Fransa polisinin 17 yaşlı əlcəzairli gənci qətlə yetirməsini də çox haqlı olaraq onun soydaşlarına yanaşmada yeridilən çoxəsrlik siyasətin davamı hesab edir.
Korsika dilinə qadağa qoyan, etnik azlıqlar konsepsiyasını rədd edən, ancaq Azərbaycandakı hayların hüquq və azadlıqlarından dəm vuran Fransanın Ermənistanla bacı-bacı oyununun arxasında müstəmləkəçilik niyyətinin gizləndiyinin vurğulanması qonşularımızı bilmirəm ayıldacaq ya yox. Amma diplomatik təcrübədə elə də çox rast gəlinməyən bu sərt çıxışı ilə, məncə, cənab İlham Əliyev ilk nöbvədə açıq dilə gətirilməsə də, Makronla Paşinyanı əslində eyni çəkili siyasətçi gözündə gördüyünü və birinciyə baxanda ikinciyə bəlkə də, daha çox önəm verdiyini diqqətə çatdırırdı. Yəqin elə bu üzdən də Fransa prezidenti cənab İlham Əliyevə "Paşinyandan daha çox təzyiq göstərdiyini və göstərəcəyini” bildirəndə yüksək səviyyədə reaksiyaya ehtiyac duyulmamışdı. Fransadakılara prezidentlərinin belə sərsəmləmələrinin nə dərəcədə maraqlarına cavab verdiyi göstərilməli idi ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər görüşündə o da oldu."
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ