Bu gün Heydər Əliyev adına Sarayda tanınmış müğənni və bəstəkar Emin Ağalarovun konsertöncəsi mətbuat konfransı keçirilib.
7news.az xəbər verir ki, Emin Ağalarov konfransda yaradıcılıq planları və konset barədə jurnalistlərin suallarını cavablandırıb: “Bu il yaradıcılığımın məhsuldar olması ilə yadda qaldı. Maks Fadiyev, İqor Krutoy, Elias Tadevs, Dmitriy Tolstov kimi bəstəkarlarla uğurlu əməkdaşlığımız oldu.
İqor Krutoyun bəstələdiyi “Naçistotu” mahnısı həqiqətən gözəldir. O, bu mahnını mənim şəxsi həyatımda ciddi dəyişkikliklər baş verən ərəfədə yazmışdı. Bu mahnını məni və yaşadıqlarımı qəlbən hiss edərək yazıb. Mənə isə yazılan bu gözəl mahnını oxumaq qalırdı. Ümumiyyətlə, belə mahnılar ərsəyə gələndə çox təbii və uğurlu alınır”.
Emin qeyd edib ki, növbəti albom üzərində çalışır. Yeni albom ingilis dilində olacaq. O, mətbuat konfransında tamaşaçı auditoriyası haqqında da danışıb:
"Ola bilsin, böyük stadionlara geniş tamaşaçı kütləsi yığa bilmərəm. Lakin bu, mənim yaradıcılıq eşqimi və musiqiyə olan həvəsimi öldürə bilməz. Əlbəttə ki, tamaşaçı musiqiçini motivasiya edir. Lakin musiqinin keyfiyyəti tamaşaçı kütləsi ilə ölçülməli deyil. Konsertlərimə az adam gəlsə belə, yenə də eyni şövqlə oxuyaram. Bütövlükdə mahnılarımdan zövq alan hər kəs mənim dinləyicim ola bilər. Maraqlıdır ki, son vaxtlar uşaqların da məni dinlədiyini kəşf etmişəm”.
Müğənni Yeni illə bağlı planlarını da bölüşüb: “Yeni ili harada qeyd edəcəyimə hələlik qərar verməmişəm. Uşaqlarım Bakıda olacaq. Yeni il gecəsi anamın da doğum günüdür. Həmin gün o, Nyu Yorkda olacaq. Atamın isə harada olacağı bəlli deyil. Ona görə də vəziyyət bir qədər qarışıqdır”.
Emin Ağalarov gələn ildən xeyriyyə konsertləri təşkil edəcəyini bildirib. Onun sözlərinə görə, bu layihənin adı “Yolka Veqas” adlanır: “Bu layihəni Rusiyadan kənarada da reallaşdırmağı planlaşdırırıq. Layihə əlil və fiziki cəhətdən qüsurlu uşaqlara, həmçinin internat məktəblərindən çıxan uşaqlara müəllim, daha dəqiq desək, həyatda ona dayaq olan bir dost tapa bilmək məqsədi daşıyır. Əlbəttə ki, onlara müəyyən yardımlar edilir. Lakin nəticə etibarı ilə uşaq evlərini tərk edəndən sonra onlar kimsəsiz qalırlar. Gələn ildən etibarən bu layihənin dəstəyi ilə kimsəsiz uşaqlar özünə dost, sirdaş tapa biləcəklər. Həmin insanlar uşaq evindən çıxanlara bacara bildiyi qədər kömək edəcək. Məsləhətlər verəcəklər, imkanı olan maddi yardım edəcək, qısası düzgün yol göstərəcəklər. İnanıram ki, bu layihənin reallaşmasında bütün dostlarım mənə kömək edəcəklər. Yeri gəlmişkən deyim ki, Maks Fadeyev də bu layihə ilə bağlı "Gəl, bir-birimizi tapaq" (“Davay naydyom druq druqa”) adlı mahnı yazıb”.
7news.az








