7NEWS.az xəbər verir ki, Milli Məclis "Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu təsdiq edib. Bu protokolun məğzini şərh edən deputat Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev çox vacib qərarın qəbul edildiyini söylədi: "Bu protokol cinayət törətmiş şəxslərin təhvil verilməsi üçün yeni və daha konkret əsasları müəyyən edir. Təbii, bu, olduqca əlamətdar haldır və gələcəkdə ekstradisiya ilə bağlı bir çox hüquqi prosedurların gedişatında öz müsbət rolunu oynayacaq. Amma nəzərə almaq lazımdır ki, ekstradisiyanın özü bir hüquqi mexanizm olaraq son nəticəyə qədər bir sıra mərhələdən keçir: cinayət işinin başlanması, danışıqlar, yazışmalar və sair...
Əvvəla qeyd edim ki, beynəlxalq cinayətlər: soyqırım cinayətləri, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilk öncə ərazi yurisdiksiyası üzrə təqib edilir. Yəni hadisənin törədildiyi yerin hüquq-mühafizə orqanları cinayət işi açır, istintaq aparır və iş qiyabi xarakter aldıqda cinayətkarlar beynəlxalq axtarışa verilir. Sırf ermənilərin törətdiyi cinayətlərə hüquqi qiymətin verilməsi məsələsinə gəlincə isə söyləməliyəm ki, burada əsas problem canilərin hazırda Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda olmasıdır. Məlum fakt isə artıq milli qanunvericiliyin daha qlobal zonaya - beynəlxalq qanunvericiliyə transferini zəruri edir. Qısası, belə məqamda beynəlxalq hüququn devrəyə girməsi mütləqdir.
İkincisi, məlum kontekstdə ən kuryoz məqamlardan biri İnterpolun bu tip cinayətlərin törədicilərinə münasibətdə səssiz, fəaliyyətsiz qalmasıdır. Misal üçün, Xocalı soyqırımında adı keçən, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ittiham olunaraq beynəlxalq axtarışa verilən cinayətkarların xarici tranzit ötürümündə, bir dövlətdən digərinə adlamasında heç bir problem yoxdur. Yəni demək istədiyim odur ki, bəzən dövlətlər nəinki cinayətkarı təhvil vermək haqda düşünmürlər, hətta onlara viza dəstəyi belə göstərirlər.
Nəhayət, üçüncü məqam. Hazırda ölkədən kənarda yaşayan və Azərbaycan dövlətinə qarşı, sözün gerçək anlamında, mənəvi terror siyasəti yürüdən antimilli qüvvələr var. Onlar şübhəli şəkildə qorunur və təhvil verilmir. Səbəb isə tam aydın deyil. Və bəzən xaricdəki hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta bayaq haqqında danışdığım İnterpolun nümayəndələri bəlli və motivli cinayətləri "siyasi mənsubiyyət” adı ilə pərdələməyə çalışırlar. Amma bu belə deyil. Çünki siyasi mənsubiyyət cinayət təqibindən kənarda qalmaq, cəzalanmamaq üçün əsas ola bilməz. Üstəlik, həmin insanlar təkcə bizim qanunlarımızla deyil, elə Avropanın öz qanunları ilə də cinayət törədirlər. Yəni hadisəyə haradan, hansı rakursdan baxırsansa bax, cinayətdir. Yox, əgər Avropa həmin cinayətkarları təhvil vermək istəmirsə, o zaman özü sorğulasın, özü islah etsin, özü tədbir görsün. Amma bunu da eləmir. Demək ki, burada aydın məqsədlər var və həmin cinayətkarların da rahatlığı elə məlum səbəbdəndir.
Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə məskunlaşan cinayətkarların ekstradisiyası ilə bağlı bütün mümkün işləri görür. Amma sürəti daha da artırmaq lazımdır. Ölkənin ən təcrübəli və peşəkar istintaqçıları bu işə cəlb edilməlidir. Çünki hazırda Azərbaycana qarşı fəaliyyət göstərən həmin antimilli dəstə sıradan bir məişət cinayəti deyil, məhz dövlətçilik əleyhinə cinayətlər törədir və mütləq cəzalarını almalıdırlar".
Deputat çağırış da etdi: "Bir vacib məqama mütləq toxunmalıyam. Düşünürəm ki, sentyabr ayında ermənilərin törətdiyi növbəti təxribatlar zamanı ermənidən betər erməni olan, erməni üçün ermənidən çox ağlayan, Azərbaycan dövlətini açıq hədəfə alan, təxribatçı fikirlərlə çıxış edən insanlar haqqında təcili cinayət işi başlanmalıdır. Misal üçün, Altay Göyüşov. Görəsən, onun haqqında cinayət işi başlanılıbmı? Dəqiq bilmirəm. Amma başlanılmayıbsa, başlanılmalıdır. Və ya Gültəkin Hacıbəyli. Bu adam hər facebook statusu, hər fikri, hər açıqlaması ilə dövlətə terror edir. Onu ki, ekstradisiya etməyə ehtiyac yoxdur. Bakıdadır. Oturub, dövlətin verdiyi lüks evində və həmin dövləti də hədəfə alıb. Niyə imkan veririk belə davranışa? Niyə cəzalandırılmır? Adamın cümləsini demirəm, hətta hər nöqtəsində, vergülündə belə cinayət detalı, cinayət tərkibi var. İndi müxalifətçidir deyə ağlına gələni etməlidir? Kim verib ona bu ixtiyarı?
Sözümün canı odur ki, təkcə ekstradisiya haqda yox, eyni zamanda bir addımlığımızda olan cinayətkarların islah edilməsi, cəzalandırılması haqda da düşünməliyik. Milli Məclisdə təsdiq olunan yeni Konvensiya Protokolunun isə cinayətkarların təhvil verilməsi prosesində daha böyük imkanlar yaradacağına əminəm".








