RU
Bu xətt bəzək üçün deyil...
17:29
589

Bu xətt bəzək üçün deyil...

Dünyanın az qala hər yerində sarı xətt dayanma və durmanı qadağan edir və bu qadağanı ifadə etmək üçün ən unikal texniki vasitədir. Düzgün tətbiq ediləcəyi təqdirdə bu xəttin vasitəsilə ən mürəkkəb sxemi olan şəhər küçələrində ən kütbeyin sürücü üçün də tam aydın olan qaydada dayanma və durmanın qadağan olunduğu sahələri işarələmək olur.

Amma bizim qanuna 2010-cu ildə edilən dəyişikliklə bu xətt, sadəcə, bəzək vasitəsinə çevrildi və hazırda onun heç bir hüquqi mənası yoxdur.

7News.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, bu nişalanmanın qanunla bəzək vasitəsinə çevrilməsinin də maraqlı tarixçəsi var: "Deməli, 10-15 il bundan əvvəldən başlayaraq bizim yol tikənlər yol hərəkəti qaydalarına məhəl qoymadan hara gəldi xətlər çəkirdilər. Sarı xətt gözə daha yaxşı göründüyündən ona üstünlük verirdilər. Xəbərləri yox idi ki, bu, bəzək üçün deyil, bunun konkret hüquqi mənası var. Hətta avtobus dayanacaqlarına da sarı xətlər çəkirdilər.

Amma DYP-də bu xəttin mənasını bilirlər. Günlərin bir günü DYP başladı sarı xəttın yanında dayanan maşınları kütləvi surətdə cərimə meydançasına yığmağa. Məlum oldu ki, hər yerdə bu xətlə dayanma "qadağan" olunub, DYP də formal olaraq düz edir.

Vəziyyətdən 2 çıxış yolu var idi: ya həmin sarı xətlər pozulmalıydı, ya da sarı xəttin hüquqi mənası dəyişməliydi. Xətti asfaltdan pozmaq onu çəkməkdən çətin olduğundan 2-ci yol seçildi".

Ə.Hüseynov qeyd edib ki, Milli Məclis qanuna dəyişiklik etməkdənsə, həmin xətləri onları çəkənlərə pozdurmaq lazım idi, özü də texnikasız-filansız, dırnaqları ilə. Bununla yanaşı ekspert sarı xəttin statusunun bərpa ediləcəyinə inanır: "Əminəm ki, bu xəttin statusu bərpa olunacaq, çünki Bakı kimi şəhərlərdə bu xətt olmadan dayanma və durmanın qadağan edilib-edilmədiyini aydın ifadə etmək mümkünsüzdür"./milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ