Finlandiyanın əfsanəvi "Nokia 1100" düyməli telefonu tarixdə ən çox satılan mobil cihaz seçilib.
Bu barədə BGR nəşri məlumat yayıb.
Məlumata görə, 2003-cü ildə satışa çıxarılan bu model 250 milyon nüsxə ilə satılaraq "Apple" və "Samsung" kimi nəhənglərin smartfonlarını geridə qoymağı bacarıb.
Ən populyar mobil cihazların reytinqində ikinci yeri 2005-ci ildə təqdim edilmiş "Nokia 1110" telefonu tutur. Onun satış həcmi 248 milyon ədəd təşkil edib. Siyahıda üçüncü yerdə isə ümumi satışı 224 milyon ədədə çatan "iPhone 6" və "iPhone 6 Plus" smartfonları qərarlaşıb.
Ekspertlər qeyd edirlər ki, "Nokia"nın liderlik etdiyi dövrdə mobil texnologiya bazarı indikindən əhəmiyyətli dərəcədə fərqlənirdi. Həmin vaxt Finlandiya şirkətinin rəqibləri məhdud idi və bazar əsasən "BlackBerry", "Sony" və "Motorola" kimi istehsalçılar arasında bölünmüşdü.








