"Azərbaycan Respublikasının Sərhəd Xidməti bütövlükdə ən nümunəvi, ən hazırlıqlı, ən parlaq dövlət xidmətlərindən biridir."
7NEWS.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Azər Həsrət bu günlərdə Keşikçidağda baş verən məlum olaylara münasibət bildirərkən deyib: "Dünəndən görürəm ki, Keşikçidağdakı olayla bağlı haqlı-haqsız fikirlər tirajlanır. Bunların arasında diqqətimi daha çox çəkən ümumilikdə sərhəd qoşunlarımızın, onun rəhbərliyinin bərbad gündə olmasıyla bağlı deyilənlərdir. Açığı, məsələ heç də belə deyil. Azərbaycan Respublikasının Sərhəd Xidməti bütövlükdə ən nümunəvi, ən hazırlıqlı, ən parlaq dövlət xidmətlərindən biridir. Özü də sərhədlərimizin keçiyində ayıq-sayıq durmasıyla fərqlənir. Heç uzağa getməyək, İran sərhədində dəfələrlə qaçaqmalçıların - sərhəd pozucularının zərərsizləşdirilməsi, Quzey sərhədimizdə məlum zərərli qruplaşmaların sızmasının və yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilmiş xeyli uğurlu əməliyyat var. Bütün bunları bizim sərhədçilərimiz ediblər (təbii ki, ehtiyac olduqda digər dövlət qurumlarıyla birlikdə). Bundan başqa, sərhəd qoşunlarımız özünün səliqə-sahmanı, nizam-intizamıyla da həmişə fərqlənib. İndi bu Keşikçidağda baş verən olay xoş deyil, araşdırılmalı və izahı verilməlidir. Lakin buna görə bütövlükdə sərhədçilərimizi gözdən salmaq yalnız bizə qarşı olanların işinə yarar..."








